Mədəni marketinq imkanlardan istifadə videokonfransda müzakirə olunub
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşəbbüsü ilə iyulun 13-də “Müasir mədəni brendinq: kəlağayı sənəti” adlı videokonfrans keçirilib.
Mərkəzdən bildirilib ki, konfransda tədbirin həmtəşkilatçısı – “Azəripək” MMC-nin nümayəndələri Elvira Məmmədova və Firuzə Bədəlova, marketinq mütəxəssisləri, eləcə də AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazov, tarix üzrə fəlsəfə doktoru Rəna Rəcəbli, tarix üzrə elmlər doktoru İlhamə Məmmədova, Azərbaycan Dövlət İqtisad Universitetinin Strateji inkişaf şöbəsinin direktoru Turan Süleymanov, Bakı Mühəndislik Universitetinin mütəxəssisi Tahirə Salayeva və digər alim-mütəxəssislər məruzələrlə çıxış ediblər.
Qeyd edilib ki, müasir mədəni məkanların daha çox ictimai marağa səbəb olması və daha çox auditoriya əldə edə bilməsi üçün mədəni marketinq imkanlarından geniş istifadə olunmalıdır. Məhz bu səbəbdən tədbir çərçivəsində mütəxəssislər tərəfindən marketinq və onun tərkib hissəsi olan brendinq fəaliyyətinin müasir xüsusiyyətlərindən geniş şəkildə bəhs olunub.
MEMİM-in elmi katibi Cavid Əliyev, şöbə müdiri Nurəddin Babazadə müzakirələr zamanı milli mədəni brend, mədəni marketinq, təbliğat strategiyaları, müasir mədəni xidmətlər və digər mövzular ətrafında fikirlərini bölüşüblər.
Mərkəzin direktoru Asif Usubəliyev milli mədəni brendlərin yaradılması mövzusunun mədəniyyətlə iqtisadiyyatın qovuşduğu nöqtə olduğunu bildirib. Qeyd olunub ki, mədəniyyət sahəsinin iqtisadiyyatı bir o qədər də inkişaf etmədiyindən mövcud istiqamətdə mütəxəssis çatışmazlığı var və bu mövzu perspektiv baxımından xüsusilə aktualdır.
Xatırladaq ki, 2019-cu ilin iyul ayında Gədəbəy rayonunda keçirilən Milli Yaylaq Festivalı çərçivəsində MEMİM tərəfindən Türkiyə, Rusiya və Qazaxıstan alim və mütəxəssislərinin iştirakı ilə sözügedən mövzuya həsr olunmuş “Milli mədəni brend – müasir tendensiyalar” adlı beynəlxalq konfrans, habelə təlim xarakterli layihələr reallaşıb.