Rusiyada kino sahəsinin aparıcı baxış-müsabiqələrindən olan  “Kinotavr” festivalının payızda keçirilməsi qərara alınıb. 31-ci “Kinotavr” festivalı 11-18 sentyabr tarixində Soçidə təşkil ediləcək. Bu haqda festivalın saytında məlumat verilib.

Bir qayda olaraq iyun ayında keçirilən festival bu il pandemiya və karantin səbəbindən ertələnmişdi.

Təşkilatçılar bildirib ki, festival Soçidə ənənəvi qaydada keçiriləcək. Sadəcə olaraq, məlum səbəblərə görə format bir qədər dəyişəcək. Belə ki, “Kinotavr” bu il daha az sayda qonaq qəbul edə biləcək, əyləncə proqramı ixtisar olunacaq və bütün epidemioloji göstərişlərə maksimum əməl olunmaqla keçiriləcək.

Hazırda 31-ci “Kinotavr” proqramı üzərində hazırlıq işləri gedir. Yeni şərtlər və akkreditasiya qaydaları festivalın rəsmi saytında (www.kinotavr.ru) dərc olunacaq.

Xatırladaq ki, kino müsabiqəsi 1990-cı ildən etibarən Soçidə keçirilir. Yarandığı ilk illərdə müsabiqədə ancaq Rusiya filmləri iştirak etsə də, 2011-ci ildən etibarən xarici ölkələrin rus dilində çəkilmiş filmlərinin festival proqramında iştirakı reqlamentə əlavə olundu.

Rusiyada daha bir ənənəvi kinofestivala isə film qəbulu yeni elan olunub. “Rusiya” sənədli filmlər festivalı 23-28 noyabr 2020-ci il tarixində Yekaterinburq şəhərində keçiriləcək.

Qeyd edək ki, xarici filmlər üçün də  açıq olan sənədli filmlər festivalı Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 1988-ci ildən etibarən keçirilir. Seçim komitəsinə hər il Rusiyadan və xaricdən 300-dən çox film təqdim olunur. Festival proqramına müxtəlif formatlı sənədli filmlərlə yanaşı, elmi-kütləvi və sənədli televiziya filmləri də daxil edilir. İştirak üçün ərizələr 10 sentyabr 2020-ci il tarixinədək qəbul edilir. Festivalda iştirak etmək istəyən azərbaycanlı rejissorlar da http://www.rossia-doc.ru/ saytı vasitəsilə müraciət edə bilərlər.

Lalə AZƏRİ