Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası Binə qəsəbəsi şəhidlərinə həsr olunmuş “Şəhidlər unudulmur” adlı təqdimatını sosial şəbəkə istifadəçilərinə təqdim edib.

Kitabxanadan bildirilib ki, təqdimatda Binə qəsəbəsindən şəhid olmuş oğulların şərəfli tale yolu, şücaətləri əks olunub.

Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Vətən oğulları arasında Binə qəsəbəsindən 27 nəfər şəhid var. Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS Vətən uğrunda həlak olmuş şəhidlərimizə həsr olunan videoçarx hazırlayıb. İdarədən bildirilib ki, “Şəhidlik zirvəsi” adlı videoçarxdakı şeirləri sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Zülfiyyə Eldarqızı səsləndirib.

Səsləndirilən şeirdə anaların şəhid balalarının məzar daşına layla oxuması, deyə bilmədiyi dərdini və arzusunu qəbir daşına söyləməsi, ananın yeganə təsəllisinin övladının şəhidlik zirvəsinə yüksəlməsi olduğu vurğulanır. Videoçarx “Youtube” kanalında yerləşdirilib.