70 illik ömrünün 40 ilini bədii yaradıcılığa həsr edən yazıçı Nağı Nağıyev dram əsərləri, roman, povest, hekayə, oçerklərlə yanaşı, həm də müxtəlif xalqların ədəbiyyatlarından tərcümələr edib.
Bu faktlar AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Nağı Nağıyevin anadan olmasının 110 illiyinə həsr olunan onlayn elmi konfransında diqqətə çatdırılıb.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək tanınmış nasir, dramaturq, tərcüməçi, redaktor, ictimai xadim, rəssam Nağı Nağıyevin həyat və yaradıcılıq yoluna nəzər salıb. Nağı Nağıyevin Azərbaycan ədəbiyyatı tarixində böyük xidmətləri olduğu qeyd edilib, onun əsərlərinin əhəmiyyətindən söz açılıb.
Əbülfəz Quliyev institutun “Taleyi və sənəti” nəşr layihəsi çərçivəsində hər il işıq üzü görən məqalələr toplusunun 2020-ci il üçün növbəti buraxılışının Nağı Nağıyevə həsr edildiyini bildirib.
Konfransda institutun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyevanın “Nağı Nağıyevin tərcüməçilik fəaliyyəti”, şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə İsmayılın “Nağı Nağıyevin əsərlərində dil və üslub xüsusiyyətləri” və Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Nağı Nağıyevin bədii nəsri” mövzularında məruzələri dinlənilib.