Onun haqqında düşünəndə ilk növbədə göz önündə bir-birindən maraqlı və məzmunlu ekran obrazları canlanır, ağıla sənətkar sözü gəlir və onun qarşısına bir sözü də mütləq əlavə edirsən: Böyük sənətkar.

Yaradıcılığı və varlığı Azərbaycan teatr, kino sənəti üçün töhfə olan bu insanın zabitəli görünüşü, səsi, realist yaradıcılığı onun müqtədir sənətkar kimi xatırlanmasına səbəb yaradıb. “Hər kəsin sözü özüdür” kəlamının hikmətini xatırladan görkəmli aktyor, Azərbaycanın və SSRİ-nin Xalq artisti Ələsgər Ələkbərovun bu il 110 illik yubileyidir.

Ələsgər Ələkbərov Akademik Dram Teatrının sütunu, romantik və realist aktyor məktəbinin yaradıcılarından biri olub. Bənzərsiz yaradıcılığı, səhnəyə yaraşıq verən xarici görünüşü, şaqraq səsinin ahənginə uyğunlaşdırdığı qüsursuz danışığı böyük məktəb olan aktyor haqqında yazılan çoxsaylı məqalələrdə onun həyat və sənət yoluna nəzər salınıb. Teatra gəldiyi ilk günlərdən etibarən maraqlı, koloritli rollar ifaçısı kimi tanınan, geniş tamaşaçı auditoriyasının böyük sevgisini qazanan aktyordan bəhs edən yazılardan birində belə bir qeyd var: “Otello” tamaşasından Ələsgər Ələkbərovun şəkli Şekspir muzeyində indi də saxlanılır. Moskva dekadasında həmin tamaşanı seyr edən və heyran qalan ingilislər tamaşanı lentə alıb aparıblar. Tamaşa vaxtı Moskva teatrının pərdəsi alqışlardan düz 17 dəfə bağlanıb və yenidən açılıb”.

Bəlkə də bu fikir aktyorun oynadığı bir çox tamaşalar üçün söylənilən kəlmələrdən biridir ki, peşəkarlığının sübutu olaraq bizləri Ələkbərov yaradıcılığının miqyasına şahid çəkir. Nəzərə alsaq ki, onun çəkildiyi filmlər uğurlu ekran taleyini bu gün də yaşayır, gənc nəsillər tərəfindən maraq, rəğbət hissi ilə izlənilir, onda şəxsiyyətinə və yaradıcılığına doğru açılan sevgi dolu könül pərdələrini saymaq mümkünsüz olardı.

Yaradıcılıq eşqi ilə çırpınan qəlbini incəsənətə kiçik yaşlarından verən Ələsgər Ələkbərov hələ məktəbdə oxuduğu illərdə Əbilov klubundakı dram dərnəyində aktyorluq sənətinin sirlərinə bələd olub. Bu səbəbdən də 17 yaşından teatra, 18 yaşından isə kinoya qədəm qoymağa, sözünü deyib özünü təsdiqləməyə nail olub.

Kinoda debütünü 1929-cu ildə “Vulkan üzərində ev” filmində (Əhməd) edən Ələsgər Ələkbərovun kino yaradıcılığı başlanğıcdan uğurlu alınıb. Səssiz filmdə aparıcı rollarından birini oynayan aktyor Əhməd obrazının təfsirində dövrün (XX əsrin əvvəlləri) reallığından irəli gələn səbəblərdən çətin həyat şəraiti yaşayan neft fəhləsinin ağır güzəranını təfərrüatı ilə göstərib. Dramatik yüklü tarixi-inqilabi filmin əsas uğurlarından biri kimi məşhur sovet kinooperatoru Aleksandr Qalperinin (filmin quruluşçu operatoru) peşəkar işini xüsusi vurğulamaq lazımdır. Çünki əsasən iri planlı çəkilişlərdəki mövzuya uyğunlaşdırılmış kadrlar və portret təsvirlərinin ifadəli təqdimatı filmin ideya məzmununun aydınlıqla çatdırılmasına, səssiz kinoda, ağ-qara kadrlarda hər bir rol ifaçısının oyununun mahiyyətini göstərməsinə səbəb olub.

Ələsgər Ələkbərovun bilavasitə teatr fəaliyyətinin olması, kamera qarşısındakı sərbəstliyi, əsasən də mimika cizgilərindən məharətlə istifadə etməsi Əhməd rolunun uğurlu alınmasına zəmin yaradıb. Bu mənada əsasən də kinonun ilkin inkişaf mərhələsində teatr aktyorlarının kinoya gətirdiyi nailiyyətləri ölçüyəgəlməz dəyər kimi qeyd etmək lazımdır. 

Bu roldan sonra aktyor “Lətif” (1930) filmində Kolxoz sədri obrazını yaradıb. Səssiz kinonun məhdud imkanları bu filmdə də ideya-məzmunun təsdiqini əsasən aktyor ifasına yükləyib. Ələsgər Ələkbərovun sözsüz kadrlardakı ekran görünüşü belə ağ-qara təsvirlərin lal sükutuna əlvanlıq gətirir, rəng qatır. Aktyorun güclü sənət sevgisini, rolun mahiyyətinin çatdırılması məsuliyyətini ümumi planlı təsvirlərdəki ifadan da görmək mümkündür.

Kolxoz sədri kəndə gətirilən traktorun insanların ağır əmək şəraitinə kömək edəcəyinə şaddır və kənd təsərrüfatı texnikasının əhəmiyyətini gözəl bilir. Bu münasibətlə də kəndlilərin sevincinə ürəkdən şərik olur, onlarla bərabər şənlənir, qol açıb oynayır. Bir-birini əvəzləyən kadrlarda kolxoz sədrinin kənd sakinləri ilə olan ünsiyyətində onların xarakterlərini tanıdan münasibətini aktyorun mimika cizgilərində, baxışındakı ifadələrdə görürük. 48 dəqiqəlik kino təsvirində əsasən biz həmin dövrün faciəsini, sivilizasiyanın təkamül prosesinin necə çətinliklə həyata keçməsini, boz, sıxıcı dünyanın təsvirləri fonunda müasir dövrün qiymətini bilmək kimi vacib mesajları da alır və anlayırıq.

Aktyorun növbəti kino obrazlarının uğurunun sirri də səssiz kinonun məhdud imkanlarını aşan potensialından bəlli olur. Bu baxımdan yaradıcılıq məziyyətlərinin tam ifadəsində səssiz kinonun imkansızlığını nəzərə alan, tərəf-müqabilləri ilə olan ünsiyyətini riyazi hesablama qədər dəqiq çatdıran aktyor üçün səsli kino obrazlarının nailiyyətlərini sıralamaq heç də çətin olmadı.  

Göründüyü kimi, ilk rolundan etibarən kino Ələsgər Ələkbərov yaradıcılığına ehtiyac duydu. Aktyor sonuncu səssiz filmimiz olan “Almaz” (1936) kinodramında (rejissorlar: Ağarza Quliyev, Qriqori Braginski) Fuad rolunda istedadını bir daha təsdiqlədi. Rejissorların doğru aktyor seçimi kiçikplanlı rolu tamaşaçıya filmin aparıcı qüvvəsi kimi qəbul etdirdi. Onu da qeyd edək ki, təsadüfdən ya zərurətdənmi Ələsgər Ələkbərovun bəxti onda gətirir ki, kinorejissorlar ona ilk rolundan etibarən müsbət xarakterləri canlandırmağı həvalə edirlər.

Azərbaycan kinosunda 13 filmdə çəkilən, özünəməxsus dəst-xətti ilə geniş tamaşaçı rəğbəti qazanan aktyor “Fətəli xan” tarixi-bioqrafik filmində Fətəli xan, “Kəndlilər”də Aşıq Göydəmir, “Qara daşlar”da Qüdrət İsmayılzadə, “Kölgələr sürünür”də Rəşid Sərdarlı, “Uzaq sahillərdə” hərbi-vətənpərvərlik filmində Ferrero, “Ögey ana”da Hüseyn dayı, “Leyli və Məcnun”da Şeyx Əmiri və başqa filmlərdə maraqlı rollar yaradıb. Əsasən teatr fəaliyyəti üstünlük təşkil edən aktyorun istedadından məqam tapdıqca bəhrələnən, istedadını kinoya yansıdan kinorejissorlar “Qızmar günəş altında” filmində Nadirov (aktyor İsmayıl Əfəndiyev) , “Matteo Falkone” kinodramında Matteo Falkone (aktyor Nodar Şaşıqoğlu) rollarını da Ələsgər Ələkbərovun səsində təqdim etməyə nail olublar. Bununla belə, qüdrətli səhnə ustasının kino və dublyaj fəaliyyətinin azlığı təəssüf doğurur.

Məşhur sovet jurnalisti Qriqori Landau sənət haqqındakı düşüncəsini belə xarakterizə edir: “Sənət həmsöhbətin susduğu dialoqdur”. Bu fikri görkəmli sənətkar Ələsgər Ələkbərovun kino obrazlarına şamil etmək olar. Belə ki, istedadlı aktyor nəinki müsbət, mənfi və ya neytral mövqeli rolları vasitəsilə tamaşaçını ələ alırdı, hətta onu inandırmağı, susduraraq həmsöhbətinə çevirməyi ustalıqla bacarırdı.

Kinorejissor Ağarza Quliyev “Səhər” (1960) tarixi-inqilabi filmində Rəhim bəy obrazını Ələsgər Ələkbərova həvalə edəndə insanların əməyini istismar edən bəzi neft sahibkarlarının ümumiləşdirilmiş obrazını yaratmış oldu.

Kino yaradıcılığının ilk dövründən etibarən Ələsgər Ələkbərov əsasən neft mədənlərində çalışan fəhlə, mühəndis rolunu oynamışdı, amma neft sahibkarı obrazını canlandırmamışdı. Bu mənada dövrünün sosial gərginliyini artıran, ictimai bərabərsizliyə şərait yaradan zalım sahibkar surəti müsbət xarakterlər ustasının kino fəaliyyətində fərqli cərəyan oldu. Rəhim bəy obrazını canlandırmaq Ələsgər Ələkbərov üçün də maraqlı idi ona görə ki, teatr fəaliyyətində olduğu kimi, kino yaradıcılığında da amplua çərçivəsi olmayacaqdı.

Azərbaycan teatr və kino sənəti, demək olar ki, Ələsgər Ələkbərovun və onun müasiri olan müqtədir sənətkarların iştirakı ilə inkişaf edib. İnsanları mədəni mühitə, yüksəlişə səsləyən teatrın, kinonun yaranmasının ilkin mərhələsində nə ictimai-siyasi böhranlar, nə də maddi-mənəvi çətinliklər sənət fədailərini ruhdan salmadı, əksinə, onlar aktyorluq sənətinin həyat, insanlar, bəşəriyyət üçün nə dərəcədə əhəmiyyətli olduğunu yüksək peşəkarlıqlarına istinadən isbatladılar.

Ələsgər Ələkbərovun kino rollarının inandırıcı olmasının əsas səbəblərindən biri də aktyorun rolları can-dildən və ürəkdən oynamasıdır. Dram və faciə janrının məşhur ifaçısı olan aktyorun teatr səhnəsində və ekranda yaratdığı bədii obrazlar onunla tərəf-müqabil olan, teatra gələn gənc nəsil aktyorlar üçün nümunəvi məktəbdir.

Aktyorun kinoda sonuncu rolu “Böyük dayaq” filmində (1962) Rüstəm kişi obrazı oldu. Bu rolun sənət və həyat üçün əhəmiyyəti haqqında uzun-uzadı danışmaq mümkündür. Onu da qeyd edək ki, təkcə bu obraz yox, aktyorun Azərbaycan kinosunda yaratdığı, yüksək mənəvi dəyərləri özündə əks etdirən Göydəmir, Fətəli xan, professor Sərdarlı və başqa obrazları da şəxsiyyət tamlığını, yaradıb-qurmaq istəyini, tükənməz həyat eşqini, mənəvi gözəlliyin, üstünlüyün vacibliyini, böyüklüyünü müxtəlif dövrlərin qəhrəmanlarının xarakterində bəyan edən prototiplərdir. Bu kimi ekran personajlarının uğurunu həmçinin Ələsgər Ələkbərovun zəhmətkeşliyinə, yaradıcılıq əzminə, eləcə də müxtəlif zaman kəsiyinə aid olan ictimai-siyasi prosesləri izləmə, nəticə çıxartma bacarığına, cəmiyyətin sosial durumuna, həyat tərzinə olan iti baxışına, doğru qərarına, dəqiq yaradıcılığına hesablamaq mümkündür.

Deməli, istedadına, sənətsevərliyinə görə hər kəsin sevimlisinə çevrilən aktyor eyni zamanda iddialı, məntiqli yaradıcılığına, uğurlu ekran rollarına, həm də Azərbaycan teatr  və kino sənətinə qızıl hərflərlə yazılan imzasına görə hələ illər sonra belə sənətin zirvəsində duran aktyor kimi sevilərək xatırlanacaq, yaradıcılığı tədqiqat obyektinə çevriləcək.  

Şəhla ƏMİRLİ
kinoşünas