İranla sərhəddə isə yeni dəmir yolu xətti inşa olunacaq
Ankara və Moskva koronavirus infeksiyasının yayılması ilə mübarizə çərçivəsində dayandırılan aviasiya əlaqəsini bərpa etmək barədə razılığa gəlib.
Uçuşların iyulun 15-də başlayacağı barədə məlumat yayılsa da, Türkiyə Nəqliyyat Nazirliyi hələlik reyslərin dəqiq bərpa tarixini açıqlamayıb. “Təyyarələrin nə vaxt uçacağı məlum deyil. Bu barədə aviasiya daşıyıcıları öz aralarında razılaşır”, - deyə nazirlikdən bildiriblər.
“Turkish Airlines” aviaşirkətində də reyslərin başlaması üçün nazirliyin qərarını gözlədiklərini deyiblər. Uçuşlar təqvim və reyslərin sayı qarşılıqlı şəkildə müəyyən olunduqdan sonra başlayacaq. Verilən məlumatlara görə, müntəzəm reyslər avqustun əvvəlindən etibarən həyata keçirilə bilər. İki ölkə arasında aviasiya əlaqəsinin bərpasını ən çox rusiyalı turistlər gözləyir.
Bu arada İranla Türkiyə arasında yeni dəmir yolu xəttinin çəkilməsi gündəmə gəlib. İranın “Araz” azad ticarət zonasının fəaliyyət göstərdiyi Culfa şəhərindən Türkiyənin Dilucu bölgəsindəki Sürayyə Çeşməsi məntəqəsinə dəmir yolu xətti çəkiləcək. 208 kilometrlik yol Maku azad ticarət zonasından da keçəcək. Bu yolla İran Türkiyə üzərindən Avropaya yükdaşımaları həyata keçirmək istəyir.
Qeyd edək ki, “Araz” azad ticarət zonası İranın Şərqi Azərbaycan vilayətinin Naxçıvan Muxtar Respublikası ilə sərhədində yerləşir. Bu zonaya Türkiyə də daxil olmaqla müxtəlif ölkələrdən iş adamları sərmayə yatırıblar.