“Gələcəkdə millətin gözü açılanda sizə rəhmət oxuyacaqlar...”
Azərbaycanda ilk milli mətbu nəşrin yaradıcısı, böyük maarifpərvər, alim Həsən bəy Məlikov-Zərdabi (1842-1907) öz dövrü üçün mükəmməl təhsil almışdı. Şamaxıda rus dilində olan şəhər məktəbini əla qiymətlərlə bitirmiş, sonra təhsilini Tiflis gimnaziyasında davam etdirmişdi.
1861-ci ildə gimnaziyanı gümüş medalla bitirən H.Zərdabi Moskva Universitetinin Fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsinə qəbul olunur. O zaman Moskva Universiteti mütərəqqi ideyaların mərkəzinə çevrilmişdi. 1865-ci ildə universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Tiflisə gəlib bir müddət torpaq işləri ilə məşğul olan idarədə (“Mejevaya palata”) çalışır. Lakin burada kəndlilərin mənafeyini müdafiə etdiyi üçün işdən çıxarılır. 1868-ci ildə Quba məhkəməsində katib işləyərkən burada da mövcud qanunsuzluqları görür və idarə işlərindən tamam əl çəkib 1869-cu ildə Bakıya köçür, real gimnaziyada təbiət müəllimi işləməyə başlayır.
Zərdabi hələ Qubada işləyərkən qəzet çıxarmaq fikrinə düşmüşdü. Bakıda gimnaziyada çalışmağa başladıqdan sonra bu fikir onda daha da qüvvətlənir. Lakin çar idarələrindəki süründürməçilik, hərc-mərclik uzun müddət onu öz məqsədini həyata keçirməyə qoymadı. Həyat yoldaşı Hənifə xanım xatırlayırdı ki, qəzetin nəşrinə icazə alınması düz yeddi il çəkdi.
Bu barədə Zərdabi özü sonralar yazmışdı: “Bəs qəzetəni necə çıxardım? Pul yox, yazıçı yoldaş yox, çapxana yox, hürufat yox, bir-iki yüzdən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindən izin almaq da ki böyük bəladır”.
“Əkinçi”nin nəşrinə icazənin necə çətinliklə alındığı, senzura maneələri arxiv sənədlərində əksini tapıb. Tiflisdəki Qafqaz Senzura Komitəsi qəzetdə “baş məqalə”nin nədən ibarət olacağı haqqında H.Zərdabidən izahat istəmişdi. H.Zərdabi “baş məqalə”də “yerli ehtiyac və tələbləri” necə ifadə edəcəyi haqqında 1873-cü il 1 noyabrda Qafqaz Senzura Komitəsinə öz fikrini yazmışdı.
Arxiv sənədlərindən biri Rusiya İmperiyası Qafqaz Canişinliyi Baş İdarəsi rəisinin 1873-cü ildə Senzura Komitəsinə göndərdiyi məktubdur. Sənəddə deyilir: “Bakı real gimnaziyasının müəllimi, titulyar sovetnik Həsən bəy Məlikov Bakı qubernatoruna müraciət edərək xahiş edir ki, ona həmin ilin 1 sentyabrından Bakı şəhərində tatar dilində (Azərbaycan) “Əkinçi” adlı qəzet çıxarmağa icazə üçün təşəbbüs göstərilsin.
Bakı qubernatoru Məlikovun nəşr etmək istədiyi orqanın təfsilatı ilə birlikdə xahişini sizə göndərməklə bildirir ki... qəzetin senzurasını burada tatar (Azərbaycan) dilini bilən çinovniklərdən birinə həvalə etmək mümkündür...”.
Qafqaz Senzura Komitəsi Qafqaz Canişinliyi Baş İdarəsinə yazdığı cavab məktubunda “Əkinçi” qəzetinin nəşri, məqsəd və vəzifəsinə şübhə ilə yanaşır: “...Arzu olunur ki, elmi məqalələrin məzmunu iqtisadi və əhalinin ən yaxın mülki məişət məsələlərinə aid olsun; bütün müasir həyat quruluşunu müzakirə edən ...siyasi görüşlərlə və rəmzlərlə doldurulmasın”.
Həmin sənəddə daha sonra deyilirdi: “Cənab Məlikovun baş məqalə adı altında yalnız yerli ehtiyac və tələblərə həsr olunmuş yazılarında nəyi nəzərdə tutduğunu bilmədiyindən, komitə bütünlükdə proqram haqqında qəti fikir söyləməyə çətinlik çəkir”.
“Əkinçi” qəzetinin nəşrinə icazə verilməsində ən çox mübahisə doğuran baş məqalələrin məzmunu və qəzetin Bakıda senzuradan necə keçirilməsi məsələsi idi. Qafqaz Senzura Komitəsi 1874-cü il avqustun 22-də canişinliyin Baş idarəsinə yazdığı məktubunda yenə də “Əkinçi”nin nəşrinə mane olmaq istəyir: “... Digər tərəfdən, qəzet iki həftədə bir dəfə, bir vərəq həcmində çıxacağından mümkündür ki, nömrənin çıxacağına iyirmi gün qalmış çapı nəzərdə tutulmuş baş məqalə Tiflisə senzuraya göndərilsin və geri alınsın...”.
Zərdabi səbirlə, təkidlə “Əkinçi”nin nəşrinə icazə almaq üçün mübarizə aparırdı. 1874-cü il oktyabrın 5-də Qafqaz Canişinliyi Baş İdarəsi dəftərxanasından Qafqaz Senzura Komitəsinə Bakı real gimnaziyasının müəllimi Həsən bəy Məlikova Bakı şəhərində “Əkinçi” qəzetini nəşr etmək üçün icazə məktubu və qəzetin proqramı göndərildi: “Əkinçi” qəzetinin “... senzuradan keçirilməsi Bakı qubernatorunun yaxından müdaxiləsi ilə etibarlı və inanılmış bir nəfərə tapşırılsın və bu işə bilavasitə nəzarət və məsuliyyət qubernatora həvalə olunsun, belə ki, “Əkinçi”nin nəşri zamanı mətbuat haqqında qanunla müəyyən edilmiş senzura qaydaları gözlənilsin, həm də icazə verilmiş proqramdan heç vaxt kənara çıxılmasın. Həmin qərar haqqında Bakı qubernatoruna lazımi göstəriş verilməklə, Əlahəzrətin əmri ilə Baş idarə rəisi dəftərxanası Qafqaz Senzura Komitəsinə də lazımi sərəncam verməyi lazım bilir”.
Hazırda Tiflisdə, Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində saxlanılan sənədlər içərisində “Əkinçi”nin nəşrinə icazə almaq məqsədilə H.Zərdabinin yazdığı 4 may 1873-cü il tarixli ərizəsi var. Bu ərizədən və başqa sənədlərdən bir çox faktlar öyrənirik: “Əkinçi”nin proqramı, Həsən bəyə qəzet nəşri üçün qubalı Abdulla ağa Bakıxanovun (Abbasqulu ağa Bakıxanovun qardaşı) 1000 manat miqdarında pul verməsi və s.
H.Zərdabi ərizəsində yazırdı: “Quba mülkədarı, general-mayor Abdulla ağa Bakıxanov mənə Bakı şəhərində tatar dilində (Azərbaycan dilində) qəzet nəşr etmək məqsədilə mətbəə açmaqdan ötrü 1000 manat pul verir. Bu təsadüfdən istifadə edərək mən aşağıdakı şərtlər əsasında qəzet nəşr etməyi qərara almışam: birinci, qəzetin redaktorluq və naşirlik vəzifəsini öz öhdəmə götürürəm; ikinci, qəzet Bakı şəhərində, Zaqafqaziya ölkəsinin bütün müsəlman xalqlarının başa düşə biləcəyi tatar dilinin Azərbaycan ləhcəsində nəşr olunacaqdır; üçüncü, ilk vaxtlar qəzet iki həftədə bir dəfə, bir çap vərəqi həcmində buraxılacaqdır; dördüncü, ilk vaxtlar qəzetin abunə qiyməti, göndərmək və çatdırmaq da daxil olmaqla, ildə iki manat olacaqdır; beşinci, qəzetin nəşri, kağız üçün xərclər, xidmətçilər və mətbəə binası tutmaq üçün xərclər çıxılmaqla, qəzet üçün toplanan pul Bakıda təsis edilmiş müsəlman şagirdlərinə yardım cəmiyyətinin xeyrinə sərf olunacaqdır; altıncı, qəzet “Əkinçi” (“Paxar” deməkdir) adlanacaqdır; yeddinci, qəzetin nəşrinə 1873-cü ilin sentyabrından başlanacaqdır”.
Abdulla ağa Bakıxanovun 4 may 1873-cü il tarixli məktubu da H.Zərdabinin ərizəsi ilə birlikdə Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin fondundadır. 24 oktyabr 1873-cü ildə Abdulla ağa Bakıxanov Qubadan ikinci məktubla H.Zərdabiyə müraciət edərək “Əkinçi”ni çıxarmaq yolunda heç şeydən, xüsusilə maddi çətinlikdən çəkinməməyi arzulayır və yazır ki, lazım gəlsə, əlavə pul verməyə də hazırdır.
Mətbəə təşkilində H.Zərdabiyə kömək etməyə dair arxivdə başqa sənədlər də saxlanılır. H.Zərdabinin Moskvada olan tanışlarından Mürsəl bəy Şahmazov 1873-cü ilin 5 aprelində yazırdı: “...Mətbəə ləvazimatlarına dair iki siyahını Sizə göndərirəm. Siz özünüz yaxşı görəcəksiniz ki, universitet mətbəəsi müdirinin tərtib etdiyi siyahı daha mükəmməldir. Lakin həmin siyahıda bir sıra ləvazimatın adının qabağında işarə qoyulmuşdur. Həmin işarələr onu göstərir ki, Siz özünüz də onları sifariş edə bilərsiniz, çünki onları hazırlamaq o qədər də çətin deyil, hətta onların bəziləri olmasa da, ötüşmək olar”.
O da məlumdur ki, Zərdabi hürufat (çap şriftləri) əldə etmək üçün 1874-cü ilin iyul-avqust aylarında İstanbulda olub. O yazır: “Dörd ildir ki, qəzeti çap etməyə izn istəmişik və bu zamanda dünyanı gəzib hürufatı tapmışıq”.
Nəhayət, qəzetin nəşrinə 1875-ci ildə icazə verilir. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin birinci nömrəsinin çıxması ilə Azərbaycanda milli dövri mətbuat yaranır. Bu, Azərbaycan xalqının milli-mədəni inkişafında tarixi bir hadisə idi. Zərdabi və onun məsləkdaşları xalqı gerilikdən çıxarmaq, cəhalət və mövhumata zərbə vurmaq, yeniliyi təbliğ etmək kimi çətin vəzifəni üzərlərinə götürmüşdülər. Qəzet hansı məsələləri əhatə edəcəkdi? H.Zərdabi bu suala birinci nömrədə dərc etdiyi məqalədə ətraflı cavab verirdi. Həmin məqalədə deyilir ki, qəzetin məramnaməsi belə olacaqdır:
1. Daxiliyyə – buradakı məqalələr qəzetin münşisinin özü tərəfindən yazılacaqdır.
2. Əkin və ziraət xəbərləri – yəni bizim, ya qeyri-vilayətlərdə olan əkinlərdən... onları becərmək vaxtında işlədilən əsbablardan, əkin yerini şum etməkdən, əkin yerini qüvvətli etməkdən ötrü o yerə qeyri şeylər qarışdırmaqdan, xülasə, əkindən və əkini biçib, götürüb, qurudub, döyüb saxlamaqdan danışıq olacaqdır.
3. Elm xəbərləri – yəni elm və imtahan yolu ilə aşkar olan, məsələn, insanın bədəninə və malına nəfi olan xəbərlərdən danışılacaqdır.
4. Tazə xəbərlər – bir neçə qism olacaqdır, əvvələn ticarət xəbərləri olacaq, yəni, bizim vilayətimizdə və ya qeyri-vilayətlərdə bir şey, məsələn, buğda filan şəhərdə, ya filan kənddə nə qiymətə və nə tövr satılmaqdan xəbər verəcəkdir və s.
Göründüyü kimi, Zərdabi qəzetin 4 əsas şöbəsi olacağını müəyyənləşdirmişdi. Lakin qəzetin 6 nömrəsi çıxdıqdan sonra ona yəqin oldu ki, qəzetdə məktublar şöbəsi də açılmalıdır. Odur ki, “Məktubat” başlığı altında materiallar da dərc olunmağa başlandı. Bu beş şöbə qəzetin sonuncu nömrəsinə qədər davam edir.
H.Zərdabi qəzetə ana dilini öyrədən bir məktəb kimi baxırdı, yazırdı ki, “qəzet və ya jurnal oxumaq insanı dünyadan xəbərdar edir, öz dilini öyrədir”. O, təcrübədə sübut edirdi ki, Azərbaycan mətbuatı öz milli zəmini üzərində inkişaf etməyə qadirdir, qəzet xalqın həyatında inkişafa doğru təkanverici amil ola bilər. Lakin jurnalistikaya meyil göstərən, onu özünə sənət seçən adamların olmaması Zərdabini tutduğu böyük yolda çətinliklərə salırdı. O, bu barədə yazırdı: “Dünyada hər qəzeti beş və ya on adam inşa edir, onu çap eləyən, hürufatını düzən, qələtlərini düzəldən başqa kəslər olur. Amma bu işlərin hamısını gərək mən tək özüm görüm. Hətta bizim müsəlman şəhərində bir savadlı olan müsəlman yoxdur ki, qəzetə baxıb onun qələtini düzəltsin və ya hürufatını düzsün”.
Azərbaycanda milli dildə qəzet çıxarmaq üçün mətbəələrin olmaması nəticəsi idi ki, İranda, Türkiyədə çap olunan qəzet və kitablardan istifadə edilir və bunun nəticəsində dilimizdə xarici sözlərin, ifadə tərkiblərinin işlədilməsinə şərait yaradılırdı. Bunun əleyhinə çıxan Zərdabi yazırdı: “Onların kitablarını bizim adam üçün oxumaq çətindir. Ona binaən yaxşı olardı ki, bizim millət qeyrəti çəkən qardaşlar bir icma bina edib, çapxana açıb öz dilimizdə çap elətdirib kitabları xalqa müftə, ya bir az qiymətə paylasın”.
“Əkinçi”nin nəşrə başlaması dövri mətbuata həsrət qalmış türkdilli xalqların böyük sevincinə səbəb olmuşdu. “Əkinçi”də iştirak edən bir çox müəlliflərin açıq və gizli imzası olduğu halda, H.Zərdabi öz məqalələrinə imza qoymamışdı. Tədqiqatçılar “Daxiliyyə”də olan məqalələri H.Zərdabiyə aid edərkən onun ilk nömrədə verdiyi belə bir qeydə istinad edirlər: “... Əvvəlinci fəsil daxiliyyə olacaqdır, yəni qəzetin münşisinin (naşir – red.) özü tərəfindən yazılan şeylər olacaqdır”.
Qəzetin “Əkin və ziraət xəbərləri” adlanan şöbəsində də H.Zərdabinin qələmindən çıxmış xeyli yazı var.
“Əkinçi” qəzetinin ilk nömrəsinin sərlövhəsi altında bu qeyd var idi: “Bu qəzet çap olunur Qafqaz vilayətinin Badkubə şəhərində, hər kəs elamnamələr və məktubat göndərmək xahiş etsə, qəzeti çap etdirənin adına göndərsin. Bu qəzeti almaq xahiş edən kəslər qəzetin yuxarıda zikr olan qiymətini lazımdır qəzeti basdıranın adına göndərsinlər və öz adlarını və sakin olduğu yerlərini yazıb məlum eləsinlər. Bu qəzeti çap eylədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi”.
“Əkinçi”nin nəşrə başlanmasını ürəkdən alqışlayan görkəmli maarifpərvər şair Seyid Əzim Şirvani yazmışdı:
Həzəran şükr kim, bir şəxs-aliqədr hümmətdən,
Qəzet bünyadına Rusiyyədə izn aldı dövlətdən....
Qəzetin ətrafında toplaşan müəlliflər – H.Zərdabi, S.Ə.Şirvani, M.F.Axundzadə, Ə.Gorani, N.Vəzirov və başqaları dövrün qabaqcıl maarifpərvəri, ziyalıları idilər. Onlar “Əkinçi”nin tərəqqipərvər istiqamətini də müəyyənləşdirirdilər.
Cəmiyyətdəki mənfiliklər və geriliklərlə mübarizədə tərəqqipərvər mətbuatın rolu haqqında H.Zərdabi böyük ehtirasla yazırdı: “Qəzet dərviş kimi nağıl deyə bilməz; onun borcudur işlərin yaxşı və yamanlığını ayinə kimi xalqa göstərsin, ta xalq öz nikübədindən xəbərdar olub onun əlacının dalıncan olsun”.
Zərdabi qəzet oxuyanların sayını artırmaq üçün çox vaxt nömrələri pulsuz paylayırdı. Zərdabi böyük vətənpərvər ziyalı kimi xalqının maariflənməsi yolunda hər şeydən keçməyə hazır idi. Hələ qəzet çıxmamışdan əvvəl o, Mirzə Fətəliyə göndərdiyi məktubda bu yolda nə qədər səy göstərdiyindən bəhs edir: “Bəlkə sizi belə bir şey düşündürür ki, nə üçün başqa birisi deyil, məhz siz, özü də müftə, bir quru “çox sağ ol” eşitməyə belə ümidiniz olmadan bu barədə zəhmət çəkəsiniz. Onda mən məcburam deyəm ki, xalqa, sənə doğma olan xalqa məhəbbətdən, avamların maariflənməsindən söhbət gedən yerdə bu sual ortaya gəlməməlidir; xalqın, həm də geridə qalmış avam xalqın, sənin və mənim qardaşımın maariflənməsi işinə özünü həsr edən bir adamı belə bir fikir yoldan qoymamalıdır. O, mükafatını öz-özünə, işini görə-görə vicdanı qarşısında duyacaqdır”.
Zərdabinin jurnalistlik fəaliyyətini tədqiq edərkən bu sözlərin dərin mənası hər bir məqalədə, hər bir yazıda özünü göstərir. Onun məqalələrinin qüvvətli cəhətlərindən biri də irəli sürülən fikirlərin vətənpərvərlik ruhunda olmasıdır. O öz vətəninin həqiqi oğlu idi. Hənifə xanımın xatirələrinin bir yerində bu cəhət belə səciyyələndirilir: “Bir dəfə fransız qəzetinin baş müxbiri Bakıya gəlib çıxmışdı. O, Rusiyada, xüsusilə Bakıda qəzet işinin qurulmasını öyrənirdi. O, bütün Rusiyada Azərbaycan dilində çıxan yeganə qəzetlə maraqlanıb Həsən bəyin yanına gəlmişdi. Qəzetin üç il müddətində ancaq üç yüz abunəçisi olduğunu bilincə müxbir təəccüblə Həsən bəyə baxıb səmimi surətdə dedi: “Siz qəhrəmansınız, bizim Fransada bu cür yoxsul qəzetlər üçün işləyən adam tapılmaz. Sizin energiyanıza heyran qalmışam. Görünür, siz öz xalqınızı çox sevirsiniz”.
Zərdabi “Əkinçi”də, demək olar ki, hər şeydən yazırdı. “Əkin və ziraət xəbərləri” başlığı altında gedən məqalələrində torpağın elmi qayda ilə becərilməsindən, əkinçilik işlərini yeni yola çıxarmaqdan, yeni maşınların tətbiqindən və s. bəhs edirdi. Təsərrüfat xarakterli məqalələr yazmaqla kifayətlənmirdi, yazılarında kəskin siyasi məsələlər də qoyurdu, zəmanənin eyiblərini açıb göstərirdi. Bəzən ustalıqla adi bir məqalənin içində siyasi məsələlərdən söz açırdı. Məsələn, o, bir məqalədə oxucuya adi bir xəbər verir, göstərir ki, fransız alimi Paster barama qurdu bəsləməyin yeni qaydasını tapmışdır. Fransa sözü işlədilən yerdə mötərizə açıb deyirdi ki, (indi Firəngistanda padşah yoxdur, dövlət işinə məhkəmə (yəni məclis) mülahizə edir ki, ol məhkəmənin calislərini camaat zübdə edir). Beləliklə, Zərdabi oxucuya başa salmaq istəyirdi ki, Fransada dövlət quruluşu bizimkindən yaxşıdır. Orada məclisi camaat seçir, dövlət işlərini tək bir adam deyil, məclis idarə edir.
Elmin və maarifin təbliği Zərdabi jurnalistikasının ana xəttini təşkil edir. O, cavanlara müraciətlə deyirdi ki, beş gün ömrün ləzzətindən ötrü milləti, qardaşlarınızı atıb onları kor və sərgərdan qoymayın. Elm, təhsil edin. Qoyun sizə mollalar lənət oxusun, avamlar daşa bassın. Gələcəkdə millətin gözü açılanda sizə rəhmət oxuyacaqlar...
Və illər sonra biz bu sözlərin müəllifini, eləcə də Azərbaycan milli mətbuatının təşəkkül tapmasında böyük fədakarlıq göstərmiş digər aydınlarımızı, maarifpərvər insanlarımızı rəhmət və minnətdarlıqla anırıq...
Hazırladı: Vüqar ORXAN
“Azərbaycan mətbuatı tarixi” (tərtibçi Akif Şahverdiyev; “Təhsil”, 2006) kitabının materialları əsasında