Mədəniyyət Nazirliyinin və İctimai Televiziyanın (İTV) dəstəyi ilə “Debüt” film studiyası tərəfindən iyunun 16-dan başlayan İNTERACT tədris laboratoriyasının ilk mərhələsi olan “İNTERACT Online” proqramı başa çatıb.

İnteraktiv formatda baş tutan 9 ustad dərsində ümumilikdə 20-dək təlim saatı ərzində 900-dən artıq dinləyici film sənayesinin beynəlxalq peşəkarlarına suallarını ünvanlayıb.

Tədris laboratoriyası funksiyasını həyata keçirən İNTERACT layihəsinin məqsədi Azərbaycanda kino sahəsində təhsil alan tələbələr, həmçinin yeni fəaliyyətə başlayan kinematoqrafçıları təlim, prodakşn və post-prodakşn, distribüsiya və maliyyələşdirmə imkanları ilə təmin etməkdən ibarətdir.

“İNTERACT Online” proqramının mühazirəçiləri müxtəlif ölkələrin kino mütəxəssisləri (Anna Qudkova, Andrey Zvyagintsev, Matyö Darras, Matyas Erdeli, Natalya Drozd, Tamara Tatişvili, Benjamin Mirqe, Piter Albrextsen və s.) olub.

İNTERACT layihəsinin vorkşoplar və digər tədbirlərdən ibarət olacaq növbəti mərhələləri COVİD-19 pandemiyasının vəziyyətindən asılı olaraq keçiriləcək.