Cəmisi 5-10 milyon ildən sonra

Böyük Britaniya və ABŞ alimləri hesab edir ki, tektonik proseslər gələcəkdə Afrika qitəsini parçalaya bilər. Onların təxmininə görə, tektonik bölünmə Efiopiyanın şərqində – Afar səhrası ərazisində baş verə və nəticədə qitə “dağıla” bilər. Bu da öz növbəsində, 5-10 milyon ildən sonra yeni okeanın yaranmasına səbəb olar.

Lids Universitetindən (Britaniya) Kristofer Mur ərazidə üç tektonik plitənin kəsişdiyi yerdə hələ 2005-ci ildə uzunluğu 56 kilometr olan çat yarandığını xatırladıb. Efiopiya səhrasında (Şərqi Afrika) baş verən dəyişikliklərin monitorinqi peyk radarları məlumatlarının təhlili vasitəsilə aparılır. K.Mur deyib: “Afar səhrası Yer üzündə yeganə yerdir ki, orada qitə riftinin okean riftinə necə çevrildiyini tədqiq etmək olar”.

Tuleyn Universitetindən (Yeni Orlean, Luizana ştatı, ABŞ) geofizik Sintiya Ebinqer tektonik prosesi qalxan maqmanın artan təzyiqi ilə əlaqələndirir. Gözlənilir ki, parçalanmadan sonra Şərqi Afrika rifti Ədən körfəzinin və Qırmızı dənizin suları altında qalacaq və yeni okean yaranacaq.