Avropa Komissiyası “Apple”, “Google” və “Amazon” barəsində araşdırmaya başlayıb
Avropa Birliyinin icra orqanı olan Avropa Komissiyası “Apple”, “Google”, “Amazon” və bir sıra başqa şirkətlərin səs assistentləri və “Əşyalar interneti” bazarında rəqabəti pozduğunu yoxlamaq üçün onlar barəsində antiinhisar araşdırmasına başlayıb.
Bu barədə Avropa Komissiyasının rəqabət məsələləri üzrə rəhbərinin müavini Marqret Vestager deyib.
O bildirib ki, öz bazar mövqeyindən sui-istifadə edən böyük şirkətlər rəqabət mühitini tez bir zamanda inhisarçılığa çevirə bilərlər.
“Səs köməkçiləri və “ağıllı” qurğular bizim seçimlərimiz haqqında bir çox məlumatlar toplaya bilər. Böyük şirkətlərin bu məlumatlardan sui-istifadə etməsi riski mövcuddur”, – deyə M.Vestager qeyd edib.
Elan edilmiş araşdırma hələlik ilkin mərhələdədir. Avropa Komissiyası məlumat toplamaq üçün yüzlərlə “ağıllı” ev, daşınan qurğular istehsalçısına və səs köməkçiləri istehsalçılarına sorğu göndərib.
CAVİD