Azərbaycan mədəniyyətinə böyük sənətkarlar vermiş torpaq qədim tarix və irsimizə də şahid idi
İyulun 23-də Azərbaycanın Ağdam şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğalının 27 ili tamam oldu. Ağdam şəhəri ilə yanaşı, rayonun 80-dən artıq kəndi 1993-cü ildən işğal altındadır. Rayonun Quzanlı qəsəbəsi və 44 kəndi Azərbaycanın nəzarətindədir, həmin ərazilərdə 100 minə yaxın əhali yaşayır.
Ağdam Azərbaycan mədəniyyətinə, incəsənətinə, o cümlədən musiqi sənətinə, ədəbiyyatına görkəmli şəxsiyyətlər, böyük sənətkarlar vermiş bölgədir. Rayonun ərazisi tarixi-mədəni irs baxımından çox zəngindir. Ağdamda tariximizin şahidi olan qədim tikililər, memarlıq abidələri vardı.
Rayon ərazisindəki Üçoğlantəpə, Leylatəpə və Üzərliktəpə adlı yerlərdə qədim yaşayış məskənləri aşkarlanmışdı. Çinartəpə, Göytəpə, Güllütəpə qədim yaşayış yerləri, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (XIV əsr), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), Şeyx Nigari türbəsi və məscid (XVIII əsr) bölgənin qədim tarixinin nümunələridir.
Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr) və türbəsi, görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvanın və onun oğlunun türbələri, Ağdam şəhərinin Qaraağacı qəbiristanında Uğrulla bəy türbəsi (XIX əsr), Şahbulaq ərazisində Şahbulaq qalası və karvansara və digər tarixi-mədəni abidələr erməni işğalçıları tərəfindən talan edilib.
İşğaldan əvvəl Ağdamda 13 mədəniyyət evi, muzeylər, 109 klub fəaliyyət göstərib.
Ağdamda bütün dünyada yeganə olan “Çörək muzeyi”, tarzən Qurban Pirimovun xatirə muzeyi, Ağdam Rəsm Qalereyası və şəhərin mərkəzindəki memarlıq abidəsi – qoşa minarəli məscid də erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılıb. Rayonun məşhur Abdal-Gülablı, Şelli sanatoriyası, Şahbulaq turizm mərkəzi xarabalığa çevrilib.
Ümumilikdə, Ağdam ərazisində 130-dan çox tarixi abidə və maddi mədəniyyət nümunəsi tamamilə məhv edilib.
Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bir daha təsdiq olunur, işğalçı qüvvələr işğal etdikləri Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxmağa çağırılır. 29 iyul 1993-cü il tarixdə qəbul olunan 853 saylı qətnamə məhz Ağdam rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalı ilə bağlıdır.
Lakin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, eləcə də Qoşulmama Hərəkatı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq, indiyə kimi Ermənistan açıq işğalçılıq mövqeyini sürdürür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tam və ədalətli həll olunmayınca, işğalçı qoşunlar Azərbaycan torpaqlarından çıxmayınca bölgədə davamlı sülh bərqərar edilə bilməz. Xalqımız Azərbaycan Respublikası Prezidentinin qətiyyətli siyasəti sayəsində ərazi bütövlüyümüzün bərpa olunacağına inanır və bu yolda özünün mübarizlik əzmini sonadək dünyaya nümayiş etdirəcək.
Bu gün Ağdamın 40-dan çox yaşayış məntəqəsində rayon əhalisi yaşayır, qurub-yaradır. Rayonun əsas idarə və təşkilatlarının yerləşdiyi Quzanlı qəsəbəsində, digər yaşayış məntəqələrində abadlıq işləri aparılır, yeni binalar, mədəniyyət, sosial təyinatlı obyektlər inşa olunur, əhalinin rifahının təmin olunması üçün zəruri infrastruktur yaradılır. Rayonun mədəni həyatı da bu imkanlar daxilində davam edir. 2018-ci ildə açılışı keçirilən Ağdam Muğam Mərkəzi təkcə musiqi, sənət ocağı deyl, eyni zamanda bölgədə yeni həyatı simvolizə edən abidədir. Ağdam Dövlət Dram Teatrı, Ağdam Musiqi Texnikumu, mədəniyyət evləri, klub və kitabxanalar da fəaliyyətini davam etdirir.
“Ağdam rayonunun əhalisinin bir hissəsi hələ ki, öz doğma kəndlərində yaşamırlar, çünki kəndləri işğal altındadır. Gün gələcək, onlar öz doğma kəndlərinə qayıdacaqlar, gün gələcək belə gözəl, möhtəşəm muğam mərkəzi Ağdam şəhərində yaradılacaqdır”, – deyə Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında demişdi. O gün gələcək...