Azərbaycan Dövlət Akademik Opera və Balet Tetarının solisti, Əməkdar artist İnarə Babayeva onlayn vokal məktəbi açıb. Bu haqda ifaçı “Mədəniyyət” kanalına müsahibəsində məlumat verib.

İfaçı bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar sənət tədrisində distant və virtual dərslər artıq geniş tətbiq olunur. Onlayn vokal məktəbinin əsas məqsədi həm də bu sahədə bacarığı olan gənclərin qarşısına yeni yaradıcı vəzifələr qoymaqdır. Təhsil dinləyicilərin istəyindən asılı olaraq Azərbaycan və rus dillərində aparılır.

Onlayn təhsilə daxildir – səs mexanikasını tənzimləmək, düzgün vokal nəfəs, yüksək ifa mövqeyi, oxuma artikulyasiyası, diapazonun genişləndirilməsi, plastika, aktyorluq sənəti və s. Onlayn dərslərlə maraqlananlar İnarə Babayevanın sosial şəbəkə səhifələri vasitəsilə müraciət edə bilərlər.

Lalə AZƏRİ