Rejissor Şamil Əliyevin “Çölçü” filmi Böyük Britaniya, Sinqapur və Hindistanda keçirilən onlayn müsabiqələrdə ümumilikdə altı mükafata layiq görülüb.

“Çölçü” “Falcon İnternational Film Festival”da (iyun 2020, London) “Ən yaxşı bədii film” kateqoriyası üzrə mükafat qazanıb.

“World Film Carnival” (may–iyun 2020, Sinqapur) və “Rosebud İnternational Film Festival”da (yanvar-iyun 2020, Hindistan) “Çölçü”nü ən yaxşı bədii film kimi mükafatlandırıblar.

“Çölçü”, həmçinin “Panjim İnternational Film Festival”da (aprel–iyun 2020, Hindistan) 3 kateqoriya üzrə (ən yaxşı bədii film, ən yaxşı rejissor, ən yaxşı prodüser) mükafatlara layiq görülüb. 

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.