Dünya duracaq yеr dеyil, еy can, səfər еylə – altı əsr əvvəl mütəfəkkir şair Nəsimi belə deyirdi. 2020-ci ilin əvvəlindən dünyanı – Yer kürəsini saran koronavirus pandemiyası, deyəsən, özgə planetlərin kəşf və öyrənilməsini də sürətləndirib.
İyulun 20-də Birləşmiş Ərəb Əmirliklərinin Mars missiyası başlanandan sonra Çin də qırmız planetin tədqiq olunması üçün “Tyanven-1” (“Səmaya suallar-1”) adlı ilk zondunu kosmosa çıxarıb.
“Çançjen-5” (“Böyük yürüş-5”) daşıyıcı raketi iyulun 23-də Haynan adasında yerləşən Vençan kosmodromundan yola salınıb. İlkin hesablamalara görə, zond təxminən yeddi aydan sonra Mars planetinə çatacaq.
Zond ilk məlumatları 2021-ci ildə Yerə ötürə biləcək. Missiyanın uğur qazanacağı təqdirdə alimlər planetin atmosferini, relyefini, geoloji xüsusiyyətlərini, maqnit sahəsini öyrənə biləcək. Bununla yanaşı, missiyanın əsas məqsədi Marsda mümkün həyat izlərini tapmaq, həmçinin gələcəkdə ətraf mühitin insanların yaşaması üçün dəyişə bilməsini müəyyən etməkdir.
Xatırladaq ki, ABŞ, Avropa Kosmik Agentliyi və Rusiya da qarşıdakı illərdə Marsa missiya göndərməyi planlaşdırır.