Gənc rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” adlı tammetrajlı filmi 77-ci Venesiya Film Festivalının əsas müsabiqəsində “Qızıl şir” mükafatı uğrunda yarışacaq. Ekran əsəri “Ucqar Film” studiyasında lentə alınıb.
Filmin rejissoru Hilal Baydarov, ssenari müəllifləri Rəşad Səfər və Hilal Baydarov, operatoru Elşən Abbasov, bəstəkarı Kənan Rüstəmlidir. Heyətdə meksikalı rejissor Carlos Reygadas da yer alıb.
Rolları Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva, Kübra Şükürova, Nərmin Həsənova, Oqtay Namazov, Mürvət Əbdüləzizov, Pərviz İsaqov, Gülnaz İsmayılova, Gülarə Hüseynova oynayır.
Qeyd edək ki, 2-12 sentyabrda keçirilməsi gözlənilən 77-ci Venesiya Film Festivalı koronavirus böhranından bəri ilk böyük beynəlxalq kino forumu ola bilər. Festivalın münsiflər heyətinə məşhur aktrisa Keyt Blanşet rəhbərlik edir. Əsas müsabiqə proqramına 18 film daxildir. Onların arasında Andrey Konçalovski (Rusiya), Məcid Məcidi (İran) kimi tanınmış rejissorların filmləri də var.
İlk dəfə Avropanın üç ən böyük kinofestivalından (Kann və Berlin festivalları ilə yanaşı) birinin əsas proqramında azərbaycanlı rejissorun filmi yer alır. Hilal Baydarovun “Xurmalar yetişən vaxt” adlı sənədli filmi 2019-cu ildə Sarayevo kinofestivalında mükafata layiq görülmüşdü.
Lalə AZƏRİ