Türkiyənin İstanbul və Kayseri şəhərlərində ölkəmizə dəstək aksiyaları keçirilib

Xəbər verdiyimiz kimi, Ermənistan ordusunun Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribata, Azərbaycan ərazilərinin işğalının davam etməsinə  etiraz olaraq Türkiyənin müxtəlif şəhərlərində ölkəmizə dəstək aksiyaları keçirilir.

İyulun 26-da İstanbulda növbəti aksiya Bakırköy rayonundakı Azadlıq meydanında gerçəkləşib. Xəzər Faktor Təhsil və Araşdırma Mərkəzinin (Hazar FEM) təşkilatçılığı, Türkiyədə fəaliyyət göstərən 15-dən çox qeyri-hökumət təşkilatının iştirakı ilə keçirilən aksiyada əllərində Azərbaycan və Türkiyə bayrağı olan iştirakçılar “Xocalıya ədalət!”, “Qarabağa azadlıq!”, “Qarabağ Azərbaycanındır!” və s. şüarlar səsləndiriblər.

Aksiyada səsləndirilən bəyanatda bildirilib ki, 1918-ci ildə Osmanlı İmperatorluğu, Azərbaycan, Ermənistan və Gürcüstan arasında imzalanan Batumi sazişi nəticəsində  ermənilərin Zəngəzur və Qarabağ kimi tarixi Azərbaycan torpaqlarına əsassız iddialarından vaz keçməsi şərti ilə Azərbaycanın qədim İrəvan şəhəri paytaxt kimi Ermənistana verilib. Ancaq Ermənistan dövləti və erməni diasporu torpaq iddialarından bu günə qədər əl çəkməyib: “1988-ci ildən etibarən Ermənistan Azərbaycan türklərini öz sərhədlərinə daxil etdiyi İrəvan, Göyçə və Zəngəzur kimi tarixi torpaqlarından deportasiya edib, daha sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal edib. Bu təcavüzkarlığının davamı olaraq Ermənistan dünyanın gözü önündə Xocalı soyqırımı kimi tarixin ən vəhşi qətliamlarından birini törədib. Ermənilər Osmanlı vətəndaşı olarkən Anadolu torpaqlarında müsəlmanlara qarşı necə kütləvi qətllər törədiblərsə, Azərbaycan ərazisində də eyni əməlləri davam etdiriblər”.

Qeyd olunub ki, dünyanın pandemiya ilə mübarizə apardığı bir zamanda Ermənistanın Azərbaycanın Tovuz rayonuna hücumları nəticəsində 12 hərbçi və bir mülki şəxs şəhid olub: “Bu,  bütün dünyadakı türklərin hiddətinə səbəb olub. Dünyanın müxtəlif ölkələrində keçirilən dinc, qanuni aksiyalar insanların erməni diasporu və Ermənistan dövləti tərəfindən həyata keçirilən terrorizm və zorakılıq siyasətinə, təcavüzkar hərəkətlərinə dözmədiyini sübut edir. Ancaq erməni diasporu bu aksiyalara təxribat törətməklə mane olmaq istəyir. ABŞ-ın müxtəlif yerlərində, həmçinin Brüsseldə keçirilən etiraz aksiyalarına ASALA yazılı köynəklər geyinmiş erməni terrorçu qruplarının hücum etməsi nəticəsində bir çox insanımız  yaralandı. Türkiyə və Azərbaycan hökumətləri 30 ildir işğal altındakı Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün sülh siyasəti yürüdür. Bu ədalətli mübarizədə Azərbaycan Respublikasının yanında olduğumuzu bildiririk”.

Eyni gündə Türkiyənin Kayseri şəhərində də aksiya keçirilib.  Şəhər mərkəzindəki Cümhuriyyət meydanında “Turan” dərnəyinin təşkilatçılığı və qeyri-hökumət təşkilatlarının iştirakı ilə keçirilən aksiyaya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr vətəndaşları qatılıb.

“Yeddi dövlət, bir millət – susma artıq, üsyan et, bitsin artıq bu zillət!”, “Ya Qarabağ, ya ölüm!”,  “Qansa qan, cansa can, səninləyik Azərbaycan!”, “Qarabağ Türk torpağıdır!” şüarları səsləndirilən aksiyada Kayseridəki Ərciyəs Universitetinin müəllimləri, şəhərdəki azərbaycanlı ziyalılar, tələbələr çıxış ediblər.

Ərciyəs Universitetinin azərbaycanlı müəllimi Əsli Əliyeva çıxış edərək terrorçu Ermənistan dövlətinin Azərbaycanın Tovuz rayonuna hücumuna etiraz əlaməti olaraq təşkil edilən aksiyaya görə təşkilatçı və iştirakçılara minnətdarlığını bildirib. Soydaşımız Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyətlərinin önəmindən danışıb və buna nümunə kimi Türkiyənin Çexiyadakı səfiri Egemen Bağışı göstərib: “Əslində, mən bugünkü aksiyada Türkiyə və Azərbaycan diasporlarının işbirliyi təklifi ilə çıxış edəcəkdim. Lakin bir neçə gün öncə Egemen Bağışın Azərbaycan diasporunun Praqada keçirdikləri aksiyaya qatılması və dəstək verməsindən sonra bu təklifə ehtiyac qalmadı”.

Ə.Əliyeva bildirib ki, bütün şəhidlərimizin, o cümlədən general Polad Həşimovun ruhu qarşısında baş əyir: “Onlar ölməzdir. Biz birlikdə güclüyük və güclü olacağıq”.

Mitinq iştirakçılarına Azərbaycanın tarixi torpaqları, Ermənistanın təcavüzkarlığı haqqında məlumat verilib, 12 iyuldan Ermənistanın Azərbaycanın Tovuz rayonuna hücumları qınanıb, şəhidlər sayğı ilə anılıb.

Aksiya istiqlal şairimiz Əhməd Cavadın sözlərinə Üzeyir Hacıbəylinin bəstələdiyi “Çırpınırdın, Qara dəniz” mahnısının ifası ilə başa çatıb.

Mehparə SULTANOVA
Ankara