Gürcüstanın paytaxtında azərbaycanlı gənclərin yaratdığı “Era Teatrı”nın yeni ofisinin açılış mərasimi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, tədbirdə deputatlar, diplomatlar, azərbaycanlı icmasının, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Teatrın bədii rəhbəri Anar Rafiqoğlu qonaqları paytaxtın mərkəzindəki yeni ofislərində salamlamaqdan məmnun olduğunu bildirib. Bədii rəhbər Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə daha maraqlı fəaliyyət mərhələsinə qədəm qoyduqlarını vurğulayıb.
Mərasimdə Gürcüstan parlamentinin deputatı Qoqi Meşveliani, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Rəhim Rəhimzadə, Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri Rafiq Hümmət, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Namiq Hacıyev, publisist-tərcüməçi Cambul Məmmədli, Qaratəhlə orta məktəbinin direktoru Bəhram İsayev və başqaları çıxış ediblər. Natiqlər bu mədəniyyət hadisəsini Gürcüstanda fəaliyyət göstərən Azərbaycan teatrlarının tarixində əlamətdar bir gün kimi qiymətləndirərək, kollektivə uğurlar arzulayıblar.
Tədbirin bədii hissəsində gənc aktyor Əli İlqaroğlunun monoloqu alqışlarla qarşılanıb.
Xatırladaq ki, “Era Teatrı”nın həyata keçirdiyi “Aktyorluq, teatr və kino” kursları layihəsi Azərbaycan Diasporuna Dəstək Fondunun köməyi ilə reallaşıb və ofis də həmin layihə çərçivəsində fəaliyyətə başlayıb.