Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələri” adlı vebinar təşkil edib.
Əvvəlcə mərkəzin əməkdaşı Sevinc Cəfərova tərəfindən hazırlanan “Qarabağın tarix və mədəniyyət abidələri” videoçarxı nümayiş olunub.
MEMİM-in sektor müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Şirinovanın moderatorluq etdiyi vebinarda AMEA Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli “Qarabağ abidələri”, “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrini müdafiə təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov “Azərbaycanın işğal altındakı ərazilərdə qalan tarix və mədəniyyət abidələrinin ümumi vəziyyəti”, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Şuşa rayonu üzrə baş məsləhətçisi, Şuşa Rayon Mədəniyyət Şöbəsinin müdiri işləmiş Zahid Abbasov “Şuşada tarixi abidələr”, Qərbi Kaspi Universitetinin Tarix və fəlsəfə kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Nurlan Nəsirli “XIII-XIV əsrlərdə Qarabağın memarlıq abidələri”, Azərbaycan Memarlar İttifaqının üzvü, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlı “Qarabağ memarlığı” mövzularında çıxış ediblər. Mövzular ətrafında MEMİM-in sektor müdiri Pakizə Almazova, şöbə müdirləri Sənan Talıbov, Nəzakət Rəhmanova və Nurəddin Babazadənın çıxışları da dinlənilib.
Çıxışlarda bildirilib ki, işğala məruz qalmış ərazilərdə məhv edilən maddi mədəniyyət abidələri tariximizin daş yaddaşı kimi əvəzolunmaz milli sərvətimizdir. Bu abidələr təkcə maddi mədəniyyət deyil, həm də mənəviyyat tariximizin arxividir. Bu abidələrə qarşı həyata keçirilən erməni vandalizminin miqyasını beynəlxalq elmi ictimaiyyətə çatdırmaq üçün zəruri addımlardan bəhs olunub. Daha sonra alim və mütəxəssislər arasında fikir mübadiləsi, mövzuya dair mümkün birgə layihələr haqqında diskussiyalar aparılıb.
Vebinarın sonunda MEMİM-in direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev bu cür elmi müzakirələrin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Azərbaycan xalqının mədəni irsinin, tarix, mədəniyyət və incəsənət abidələrinin qorunması, təbliği və tanıdılması kimi aktual mövzuya xüsusilə gənclərin diqqətini daha çox cəlb etmək lazımdır.