“O, muğamla yanaşı, aşıq musiqisini, divan ədəbiyyatını, türk xalqlarının folklorunu dərindən bilirdi”

Tarzən Faiq Çələbiyev haqqında onun sənət dostlarından eşitmişdim. Həmişə də xoş sözlər. Bilirdim ki, Sankt-Peterburqda yaşayır, elmi fəaliyyətlə məşğuldur. Bəzən də musiqiçilərimizlə birgə layihələrdə iştirak edir.

Bu birgə layihələrdən biri də 2011-ci ildə Sankt-Peterburqda keçirilən EARLYMUSİC musiqi festivalında Azərbaycandan iştirakçı olan xanəndə Teyyub Aslanov və kamança ifaçısı Mirnazim Əsədullayevlə birgə çıxışı idi. Videoyazısını izlədiyim bu təqdimatda onun tarda müşayiət zamanı özünəməxsus yanaşması, pozitiv enerji ötürməsi heyrətləndirmişdi məni.

Bu günlərdə sənət dostlarından kədərli bir xəbər eşitdik. Faiq müəllim iyulun 30-da, 72 yaşında haqq dünyasına qovuşub. Əfsus ki, onunla müsahibə etmək nəsib olmadı.

Faiq İbrahim oğlu Çələbiyev 16 aprel 1948-ci ildə Şəkidə anadan olub. 1980-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunu, 1985-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1985–1987-ci illərdə Leninqradda (Sankt-Peterburqda) Rusiya İncəsənət Tarixi İnstitutunda aspiranturada təhsil alıb və həmin institutda elmi fəaliyyətini davam etdirib. O, həmçinin Rusiya Dövlət Pedaqoji Universitetinin Etnokulturologiya kafedrasında çalışıb.

F.Çələbiyev 1999-cu ildə “Azərbaycan silsilələri: musiqi formalarının problemləri” mövzusunda namizədlik, 2009-cu ildə isə “Dəsgah morfologiyası” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. Elmi məqalələri Azərbaycan, Rusiya və digər ölkələrdə çap olunub, maraqla qarşılanıb. Aleksandr Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin Paleoasiya dilləri, folkloru və ədəbiyyatı kafedrasının professoru olmuş musiqişünas alim həm də Sankt-Peterburqda azərbaycanlı icmasının tanınmış nümayəndəsi idi. Musiqişünas, tarzən Rusiyada solist kimi konsert fəaliyyəti ilə də məşğul olur,  vaxtaşırı Avropanın akademik, Azərbaycan, İran və Hindistan musiqiçilərinin müxtəlif ənənəvi layihələrində iştirak edirdi.

Mütəfəkkirlər deyir ki, qoyub getdiklərimizin ürəklərdə yaşaması ölməməkdir. Musiqi ictimaiyyətinin nümayəndələri Faiq müəllimin vəfatını böyük təəssüf hissi ilə qarşılayır, musiqi fədaisini dərin ehtiramla yad edirlər.

 

Musiqişünas, professor Zümrüd Dadaşzadə:

– Sankt-Peterburqdan acı xəbər gəldi. Faiq Çələbiyev, gözəl musiqiçi, görkəmli etnomusiqişünas, tar ifaçısı, bizim kurs yoldaşımız (yaşca bizdən xeyli böyük olsa da, bir kursda oxumuşuq) dünyasını dəyişib. Azərbaycan musiqi elminə böyük itkidir. Onunla bağlı xatirələr çoxdur. Deyəsən, 1982-ci il idi. Konservatoriyamızın səsyazma studiyasında Faiq məruzə ilə çıxış edir, onun illüstratoru qismində isə gənc Alim Qasımov ifa edirdi. Hələ heç kimin tanımadığı Alim... Faiq incə intuisiyaya malik idi. Çılğın, temperamentli, iti ağlı ilə hər birimizin qəlbində yaşayacaq. Məkrli qonşularımızın iftiralarına cavab verənlərdən idi. Faiqin dəqiq, sərrast, öz şəxsi təcrübəsi əsasında fikirləri vardı. Vokal düşüncəsi olmayan bir instrumentalçı, nə qədər virtuoz olmasından asılı olmayaraq, yaxşı muğamçı sayıla bilməz. Təsadüfi deyil ki, bir instrumentalçı adətən təkcə solist deyil, həm də müşayiətçi kimi də qiymətləndirilir.

 

Tarzən, Xalq artisti Vamiq Məmmədəliyev:

– Faiqin vəfat xəbərini aldım, tələbəlik illərim gözümün önündən keçdi. Hər ikimiz Bəhram Mansurovun tələbəsi idik. Mirzə Mansur və Bəhram Mansurov məktəbinin tədqiqatçısı idi. 80-ci illərdə Faiq ifaçılıq, müşayiətçilik yolunu elm yoluna dəyişdi və indiki Sankt-Peterburq şəhərinə köçdü. O, son günə kimi Azərbaycan folklorunun, muğamının tədrisi və tədqiqi ilə məşğul oldu. Bu sahədə doktorluq dissertasiyası yazdı, professor oldu.

Faiq təkcə muğamı deyil, aşıq musiqisini, divan ədəbiyyatını, türk xalqlarının folklorunu dərindən bilirdi. Bakıda yaşayanda yerli ləhcəni öyrənmişdi. Doğulduğu yurda – Şəkiyə gedəndə Şəki dialektində, Rusiyada nöqsansız rus dilində danışardı. Soy-kökünə bağlı adam idi. Zəngin kitabxanası və audiotekası vardı. Həyat yoldaşının və oğlunun istəyi ilə Sankt-Peterburqda dəfn olunub. Allah rəhmət eləsin.

 

Musiqişünas, professor Züleyxa Abdullayeva:

–  Faiqin vəfatı Azərbaycan musiqişünaslığı və tar ifaçılığı üçün böyük itkidir. 1980-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında çalışan müəllimlər və tələbələr onu muğam sənətinin, Azərbaycan musiqi tarixini araşdıran gözəl bir tədqiqatçı kimi tanıyırlar. Əfsus ki, yeni nəsil, gənc tədqiqatçılar bəlkə də belə bir alim və musiqiçi haqqında xəbərsizdirlər.

 

İnternet resurslarında Faiq Çələbiyev haqqında axtarış verirəm. 80-ci illərdə Azərbaycan Televiziyasına sənəti ilə bağlı verdiyi çox qısa və iki il bundan əvvəl Sankt-Peterburqda Azərbaycan Cəmiyyəti və sənət fəaliyyəti ilə bağlı daha bir müsahibəsi qarşıma çıxır. Bundan əlavə, ailə arxivindən videolentlərə də nəzər salıram. 1996-cı ildə Bakıda olduğu zaman Vamiq Məmmədəliyevin evində Azərbaycan musiqisi, Qarabağ həqiqətləri barədə Rusiyadan gələn musiqiçilərə söylədiyi fikirlər və tarda ifaları... Ömrünü Azərbaycan musiqisinin təbliğinə həsr edən Faiq Çələbiyevə Allahdan rəhmət diləyirik.

L.AZƏRİ