1898-ci ildə neft Bakısına dair ilk xronikal süjetlərin nümayişi ilə başlayan və demək olar ki, dünya kinosu ilə həmyaşıd olan Azərbaycan kino sənəti mədəniyyət salnaməmizə parlaq səhifələr yazaraq, onilliklər ərzində soydaşlarımızda milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət hisslərinin aşılanmasına xidmət edib, xalqımızın yeni nəsillərinin dünyagörüşünün formalaşmasına güclü təsir göstərib.
Bu sözlər Mədəniyyət Nazirliyinin 2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə ölkəmizin kino ictimaiyyətinə təbrik müraciətində yer alıb.
Təbrikdə qeyd olunur ki, səssiz-səsli, rəngsiz-rəngli kimi mərhələləri özündə birləşdirən böyük inkişaf yolu keçmiş milli kino sənətimiz xüsusilə XX əsrin 60-70-ci illərində özünün intibah dövrünü yaşayıb. Azərbaycan kinosunun inkişafında, kinematoqrafçıların yaradıcılıq potensiallarının reallaşmasında kino işçilərinin ən etibarlı təəssübkeşi və hamisi, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu öndərin diqqət və qayğısı sayəsində kino sənətimizin incisi olan neçə-neçə ekran əsəri ərsəyə gəlib.
Bildirilir ki, 1980-ci illərin sonu, eləcə də müstəqilliyimizin ilk illəri kino sənətində də çətin dövr olub. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə mədəniyyətimizə, həmçinin kinoya diqqət artıb, bu sahəyə dövlət vəsaitinin ayrılması bərpa edilib. Ulu öndərin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə 2 avqust Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramı kimi qeyd olunur.
Təbrikdə qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli liderin mədəniyyətə diqqət və qayğı siyasətini uğurla davam etdirərək milli kino sənətimizin inkişafı ilə bağlı bir çox sərəncamlar imzalayıb. “Azərbaycanfilm” və digər dövlət studiyalarında, eləcə də müstəqil kino müəssisələrində 250-dən artıq bədii, sənədli və cizgi filmi çəkilib, 60-dan çox ekran əsəri beynəlxalq festivallarda 150-dək mükafat qazanıb.
Hazırda Azərbaycan mədəniyyətinin əsas aparıcı sahələrindən biri olan kino sənətinin inkişafı və bu sahənin modernləşdirilməsi istiqamətində ölkədə sistemli islahatların həyata keçirilməsi nəzərdə tutulur. Ölkə başçısının “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli sərəncamına əsasən hazırlanmış “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.
Təbrik müraciəti bu sözlərlə bitir: “Kino kollektiv yaradıcılıq sənətidir. Bir filmin ərsəyə gəlməsində onlarla insanın əməyi olur. Mədəniyyət Nazirliyinin kollektivi bu əlamətdar gün münasibətilə Azərbaycanın kino salnaməsinə adını yazdırmış sənətkarlarımızın xatirəsini bir daha ehtiramla yad edir və çağdaş film sənayemizin inkişafına töhfə verən kino ictimaiyyətinə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayır”.