“Festivallarda və həmkarlar arasında biz bir-birimizi tanıya bilərik. Əsas tamaşaçının məlumatlı olmasıdır”

Oktyabrın 10-dan Bakıdakı Nizami Kino Mərkəzində Rusiya kinosu günləri keçirilir. Kino günlərinin açılış mərasimində Rusiyanın tanınmış teatr və kino xadimi, rejissor Yuri Vasilyev də iştirak edirdi. Qonaq jurnalistlərin suallarını cavablandırdı, Bakı ilə bağlı xatirə və təəssüratlarını bölüşdü.

Kino günlərinin proqramına rejissorun “Qəhrəman” filmi də daxildir. İlk sual da bu barədə oldu:
- Əvvəla bildirim ki, Bakıda olmaqdan çox məmnunam. Məni daha çox teatr adamı kimi tanıyırlar. Bu film rejissor kimi ikinci işimdir. “Qəhrəman” filmi rus mühacirlərinə həsr edilib. Tarixi janrda çəkilmiş filmin mesajı genetik yaddaşdır. Sovet rejimində heç kim öz tarixi kökü haqqında danışmırdı. İnsanlar öz tarixi soylarını bilməlidirlər. Fransada yaşayan ruslardan bəhs edən filmdə vətən sevgisi, qorunan adət-ənənələr yer alır. Filmdə Rusiyanın tanınmış estrada ulduzu Dima Bilanın baş rol alması da təsadüfi olmadı. İstədik ki, bu dəfə tamaşaçı onu daha ciddi obrazda görə bilsin. Düzdür, bu risk idi. Amma o bir aktyor kimi işin öhdəsindən gələ bildi. Çünki çəkiliş meydançasında Aleksandr Baluyev, Marat Başarov kimi aktyorlar yer almışdı. Bu həm də bir təşviqat idi. Dima Bilanın filmdə rol alması gənclərdə filmə maraq oyadacaq və gənclər tariximizə bələd olacaqlar.
- Söhbət öncəsi Azərbaycanla bağlı xatirələrinizin olduğunu dediniz...
- Bəli, bu gün nostalji hislər yaşadım. “Hilton” hotelində yerləşdiyimiz zaman 40 il bundan əvvəlki Bakı dayandı gözlərim önündə. Burada “İnturist” mehmanxanası vardı. 40 il əvvəl “Satira” teatr truppamızla həmin mehmanxanada qalırdıq. Bu gün həmin məkanda, tam yeni görkəmdə bir hotel var. Həmin səfər həm də mənim ilk qastrol səfərim idi. O zaman biz qastrola görkəmli sənətkarlar Andrey Mironov, Anatoli Papanovla birlikdə gəlmişdik. O dövrdə Bakının küçələrində satılan kvasın dadını indiyə kimi xatırlayıram. Bir də mən özümü sizə həmyerli də saya bilərəm. Çünki artıq 30 ildir ki, bizim teatrın direktoru həmyerliniz Məmməd Ağayevdir. Bakı fantastik şəkildə dəyişib. Burada özümü nağıllardakı qəhrəmanlar kimi hiss edirəm. Düzdür, Bakıya gəlməzdən əvvəl dostlar-tanışlar buranın necə dəyişdiyindən danışırdılar, mətbuatda da oxuyurdum. Amma gəlib-görmək, bu təəssüratı yaşamaq başqa aləmdir. Bura rahat və sakitdir.
- Azərbaycan kinosu haqqında nə dərəcədə məlumatlısınız?
- Açıq deyəcəyəm. Əsas bildiyim budur ki, sovet dövründə Azərbaycan filmləri populyar idi. Bu gün isə paytaxt Moskvada sizin filmlər haqqında demək olar ki, məlumat yoxdur. Odur ki, Rusiyada da mütləq Azərbaycan kinosu günləri təşkil edilməlidir ki, sadə vətəndaşlar bu filmləri izləsinlər. Festivallarda və həmkarlar arasında biz bir-birimizi tanıya, məlumatlı ola bilərik. Əsas tamaşaçının məlumatlı olmasıdır. Onlar üçün Azərbaycanın tarixi, milli mədəni dəyərləri maraqlıdır və onlar bu gün xalqın tarixi və incəsənətini də bilməli, tanımalıdırlar. Qarşılıqlı mədəni mübadilə həmişə dostluğa xidmət edib. Bu bizləri qapalı deyil, daha açıq şəkildə əməkdaşlığa sövq edər.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar