Məslək seçimi doğru olanda zəhmət və bacarıq müsbət nəticə verir, insan həyatı mənalı olur. Respublikanın Xalq artisti, teatr və kino aktyoru Ramiz Məlik də istedad və bacarığını doğru səmtə istiqamətləndirdiyinə, düzgün sənət seçdiyinə görə maraqlı ömür yaşayıb, tamaşaçıların sevimlisinə çevrilib.

Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinin məzunu olan (1967) Ramiz Məlik müsahibələrinin birində sənətə gəlişi barədə belə deyir: “Orta məktəbi bitirən kimi sənədlərimi Neft-Kimya İnstitutuna verdim, axırıncı imtahandan kəsildim. Sonra sənədlərimi Politexnik İnstitutuna verdim, bu dəfə də üçüncü imtahandan kəsildim. Əvvəllər Əbilov adına klubda dram dərnəyinin iştirakçısı olsam da, heç vaxt sənətə gəlmək istəməmişəm. Ancaq Politexnik İnstitutundan kəsildikdən sonra rejissor olmaq qərarına gəldim, sənədlərimi Mirzağa Əliyev adına Teatr İnstitutunun Rejissorluq fakültəsinə verdim və keçdim. Yer olmadığına görə institutun rektoru Rahib Hüseynovun və respublikanın Xalq artisti Məlik Dadaşovun məsləhəti ilə aktyorluq kursunda oxudum. Bir şərtlə ki, yanvar ayında rejissorluq kursuna keçəcəkdim. Ancaq başım Məlik Dadaşovun dərslərinə elə qarışdı ki, bir də ayıldım ki, birinci kursu bitirirəm. Xəbərim olmadan Rahib müəllim də əmrimi aktyorluq fakültəsinə vermişdi. Beləliklə, taleyimə aktyor olmaq yazıldı. Xoşbəxtliyimiz onda idi ki, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Məlik Dadaşov kimi korifey müəllimlərimiz olub”.

Sənətin mühüm prinsiplərini, nəzəri biliklərini tələbələrinə sevdirən görkəmli pedaqoqlarını böyük məmnunluq hissi ilə xatırlayan aktyor beləcə teatr və kino sənətində uğurlu addımlarını atır.

1960-cı illərin sonlarından etibarən kinoya dəvət alan Ramiz Məlik az müddət ərzində bir-birinin ardınca müxtəlif xarakterli, irili-xırdalı ekran obrazları ilə tamaşaçıların rəğbətini qazanır. İlk dəfə ekranda “Qanun naminə” (1968) filmində epizodik rolda (gənc prokuror) görünən aktyorun bəxti bir daha onda gətirir ki, görkəmli kinorejissor Həsən Seyidbəyli quruluş verdiyi “O qızı tapın” filmində (1970) aparıcı rollardan birini – Ziya obrazını ona həvalə edir. Kinoya yeni simalar gətirən, gənc aktyorların istedadını maraqlı iş əmsalına çevirən H.Seyidbəylinin doğru seçimi Ziya rolunun tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmasına səbəb olur. 

Mərd, ədalətli, vicdanlı xüsusiyyətlərinə görə diqqət mərkəzində dayanan, filmin aparıcı qüvvəsi olan Ziyanın həyat mövqeyi haqqında geniş bilgimiz olmasa da, həyata baxışı, insani keyfiyyətləri (filmin baş qəhrəmanı Əminəni xilas etmə cəhdi) haqqında kifayət qədər məlumat əldə etmiş oluruq.

Azərbaycanda sovet milis orqanlarının 50 illiyinə həsr olunan filmin leytmotivini qanun keşikçilərinin ayıq-sayıqlığını göstərmək, cəmiyyətin içərisində olan canilərin iç üzünü açmaq təşkil edir. Buna görə də hadisələrin mərkəz xəttində dayanan personaj (Ziya) baş rol yox, filmin aparıcı qüvvəsi kimi qəbul edilir. Kinoda ilk addımlarını atan gənc aktyorun qəhrəmanın xarakterinin açılması üçün fərdi cizgilərdən məharətlə istifadə etməsi, sənətin sirlərinə özünəməxsus şəkildə açar tapması, ekran personajını xarakterik obraz olaraq tamaşaçı yaddaşına həkk etməsi böyük sənət uğuruna çevrildi.    

“O qızı tapın” filmi ilə eyni ildə ekranlara çıxan “Yeddi oğul istərəm” tarixi-inqilabi ekran əsərində çəkilən aktyor filmin finalında böyük epizodda çıxış etsə də, bu rol film boyu tamaşaçıları XX əsrin 20-ci illərində baş verən inqilabi hadisələrə şahid çəkən digər personajlar qədər maraqlı oldu. Ümumiyyətlə, “Qanun naminə” filmindəki gənc prokuror və “Yeddi oğul istərəm” filmindəki hökumət nümayəndəsi obrazları əslində öz dövrünün mühüm mövqeli, yetkin xarakterli prototipləridir. Rolun təqdimatının yaşarı təəssüratı isə rejissor və müəllif fikrinin tamamlanması baxımından xüsusi əhəmiyyət kəsb edir. Aktyorun məqsədini təsdiqləyən qətiyyəti, şux qaməti, intizamlı görünüşü, cəsur, vətənpərvər xüsusiyyətini təqdim edə biləcək potensialı peşəkar heyətin bir araya gəldiyi filmdə, kiçik planlı rolla olsa belə, görünməsinə zərurət yaradır. Kinoya uyğun gələn bu kimi xüsusiyyətlərinə görə tamaşaçı aktyorun təqdimatındakı kiçik planlı rolları belə dolğun və vacib obraz kimi qəbul edir. Bu kimi uğurlu kino personajları da aktyorun böyük kinoda tanınıb sevilməsinə zəmin yaradır. 

“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 30-dan artıq filmdə irili-xırdalı rol oynayan aktyor “Babək” tarixi filmində Səhl ibn Sumbat, “İşarəni dənizdən gözləyin”də balıqçı, “Məhkumlar”da Cəfər həkim, “Sevinc buxtası”nda Asanov, “Qatır Məmməd”də Müllerin yavəri və başqa dolğun psixoloji rolları ilə peşəkarlığını təsdiqləyib. 

Ekran obrazlarına böyük coşqu ilə nəfəs, can verən Ramiz Məlik dublyaj sahəsində də olduqca məhsuldar yaradıcılıq təqdim edib. “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 10-dan artıq filmdə məşhur aktyorların ifasını, eləcə də “Doğma sahillər” filmində kapitan Nəzərov (aktyor Ənvər Həsənov), “Şeytan göz qabağında” filmində sürücü (Təvəkkül İsmayılov), “Tütək səsi”ndə Tapdıq (Akif Məhərrəmov) və başqa rolları ustalıqla səsləndirib. Həmçinin yüzlərlə xarici filmin dublyaj olunmasında yaxından iştirak edib.

Respublikanın Əməkdar mədəniyyət işçisi, tanınmış dublyaj rejissoru Arif Həbibi aktyor haqqında olan fikirlərini sevinc hissi ilə bölüşür: “Onunla hələ dublyaja gəldiyim ilk vaxtlardan (1967), asistent kimi işlədiyim zamanlardan birgə çalışmışam. Olduqca aydın, fərqli, səlist diksiyaya, məlahətli səsə malik aktyordur. O zamanlar belə idi ki, aktyorlara mətni təqdim edirdik, oxuyub hazırlaşırdılar, bir neçə dəqiqədən sonra səsi birbaşa yazırdıq. Ramiz Məlik onlarla xarici filmi dilimizdə ustalıqla səsləndirib. Rolları peşəkar və ifadəli səsləndirdiyinə görə ona böyük məmnuniyyətlə rol təklif edirdik. Sənətinə çox hörmət edən, savadlı, tələbkar aktyorlarımızdandır. Onunla bir yerdə çalışmaq mənim üçün çox xoş idi”.

Aktyor sənətinə həddən artıq bağlananda mənfi obrazları belə sevərək təqdim edir. Ramiz Məlik də mənfi xarakterli rollarının təbiətini, aqressiv xüsusiyyətini maraqlı yaradıcılıq priyomları ilə təqdim edib, inandırıcılıqla açıb göstərib. 

Onun bir çox filmlərdə canlandırdığı xarakterik mənfi ekran personajları məqsədyönlü olduqları qədər də iddialıdır, dövrün ictimai-siyasi hadisələrini təhlil edən qəhrəmanlardır. Müxtəlif dövrlərin prinsipləri əsasında (əsasən sovet dönəmində) inkişaf edən, müəyyən fikir və maneələrlə rastlaşan kinomuz istər-istəməz tarixi mövzulara müraciət edib, nəticə etibarilə də tarixi-inqilabi, ictimai-siyasi mövzulu filmlər ərsəyə gəlib. Bu kimi filmlərdə vətəndaş qarşıdurmalarını izləyir, ictimai, həmçinin şəxsi məsələlərin həlli qarşısında böyük sınaqlardan keçən insanların keşməkeşli həyat hekayələrini görürük.

Sovet hökumətinin Bakı neftini mənimsəməsi, digər tərəfdən də ingilislərin “qara qızıl”ı ələ keçirmək üçün törətdikləri fitnə-fəsadlar “Sevinc buxtası” tarixi-inqilabi filmində yüksək bədii keyfiyyətlə əksini tapıb. Ekran əsərində bolşevik Asanovun (Ramiz Məlik) ölkədə gizli yaşayan keçmiş neft sahibkarlarının, həmçinin ingilis kapitalistlərinin neft aksiyalarını ələ keçirmə cəhdlərinin qarşısını almasını görürük. İctimai-siyasi (1920-ci illər) hadisələrin mərkəz xəttini Bakı neftinin hasilatı, bolşeviklərin var qüvvələri ilə dənizdən çıxarılan nefti ələ keçirmələri təşkil edir. Qanun keşikçisi olan Asanov da keçmiş sahibkarlardan ələ keçirdiyi maddi sərvətləri hökumətə təhvil verən, sovet quruluşuna can-başla xidmət göstərən bolşevikdir. Obrazın taleyini, mövqeyini düşündürərək yaşayan, inandırıcı təqdim edən aktyor rola uyğun qurduğu doğru mizanlarla personajı müvəffəqiyyətlə təqdim etməyə nail olub. Ümumiyyətlə, aktyorun formaca eyni, məzmunca fərqli olan bir neçə rolu, o cümlədən “Qara gölün cəngavərləri” filmindəki zabit obrazı kifayət qədər dövrünün gərgin proseslərini tamaşaçıya fərqli boyalarla göstərən personajdır.

Filmdə dövrünün (XX əsrin əvvəlləri) reallığından irəli gələn səbəblərdən ictimai bərabərsizliyi dəstəkləyən, vəzifə səlahiyyətini daim aşan, insanlarla aqressiv davranan çar məmurunun özbaşınalığını görürük. Tarixin gərgin, real hadisələrinin aparıcı (məmurlar və kapitalistlər) qüvvələrini və nümayəndələrini də bu kimi obrazların təfsirində öz dövrünün qeyri-normal, istilaçı siyasətinin aləti kimi qəbul edirik.

Hər bir filmdə yaradıcılıq imtahanından müvəffəqiyyətlə çıxan, potensialı ümumi işin uğuruna hesablanan aktyorun “Qatır Məmməd” filmindəki Müllerin yavəri obrazı da bu qəbildəndir. Obraz kiçik planlı olsa da, çar siyasətinin istilaçı missiyasını göstərən personajdır. Aktyorun obrazın nitqinə (vəziyyətə əsasən) uyğunlaşdırdığı həyəcan, peşmanlıq, çaşqınlıq, xilas olma istəyi fərdi yaradıcılıq xüsusiyyəti ilə göstərilib. Tərəf-müqabili (Rasim Balayev) ilə olan dialoqda ciddi, yüksək sənət nümayiş etdirməklə də hadisələrin gərginliyini artırıb, ekran təhkiyəsini yaradıb. Bununla da o, kollektiv sənət növü olan kinonun vahid sənət istiqamətinə yönələn cazibəsini bir daha göstərib. Böyük kinoda hər hansı bir rolun öhdəsindən bacarıqla gəldiyinə görə də rejissorlar hər zaman Ramiz Məlik yaradıcılığına ehtiyac duyub.

Ümumiyyətlə, 1970-ci illər aktyorun kino yaradıcılığı üçün uğurlu zaman hesab oluna bilər. Həmin illərdə müxtəlif janrlı filmlərdə xarakterik rollar yaradan Ramiz Məlik müsahibələrində belə deyir: “Mənim üçün rollarımın mənfi və ya müsbət olmasının fərqi yoxdur. Aktyor sənəti mürəkkəb sənətdir. Gərək onu sevəsən. Əgər sevməsən, bu sənətdə yaşaya bilməzsən”.

“Bircəciyim” (1986) filmində aktyorun oynadığı müstəntiq rolu da uğurlu ekran personajıdır. Əsas rollardan biri olan müstəntiq Yusifov həyatın acısını dadan, uşaq evində böyüyən Sarıköynəklə Valehə qarşı haqsız davranır. Sarıköynəyi əldə etmək üçün çirkin niyyətindən əl çəkmir. Lakin Sarıköynəyin dostlarının, xeyirxah insanların köməyi sayəsində haqq-ədalət öz yerini alır. Vəzifə borcu haqq-ədalət axtarmalı olan Yusifovun hiyləgər siması, xəyanətkar xüsusiyyəti sarsıdıcı təsir bağışlayır. Aktyorun kinoda növbəti sənət müvəffəqiyyəti kimi qəbul etdiyimiz personaj sayəsində ekran əsərinin mahiyyəti açılır, mühüm mesajlar verən kinodram vasitəsilə insan həyatının faciələrlə nəticələnmə səbəbi, həyatda baş verə biləcək neqativ halların başlanğıcı, üzücü nümunələri aktyorun özünəməxsus yaradıcılıq metodu ilə təhlil obyektinə çevrilir. 

Kinoda həyat həqiqətləri, təbii ki, fərdi yaradıcılıq yolu və üsulu ilə əks olunur. Zəngin sənət təcrübəsi kinoda həyat üçün vacib olan mesajları verir, mənfi obrazların ifşası da cəmiyyətdə etik davranış qaydalarını təlqin edir, peşəkar yaradıcılıq bir növ metodoloji əhəmiyyət daşıyır. 

Ramiz Məlikin kino yaradıcılığının uğuru da ekran hadisələrini gerçək həyat həqiqəti kimi təqdim etməsində, tipik keyfiyyət daşıyıcılarını (ekran obrazlarını) inandırıcı şəkildə tamaşaçıya qəbul etdirməsində, mənfi xarakterləri tənqid hədəfinə çevirməsindədir. İnsanı və onu əhatə edən həyat həqiqətlərini kinoda gerçək aləmə çevirmək, inandırmaq isə kinonu yaratmaq, sənətkar olaraq yaşamaq və səssizcə sevilmək deməkdir.

Şəhla ƏMİRLİ
kinoşünas