İlk azərbaycanlı qadın violonçel ifaçısı Nəzmiyyə Abbaszadənin yubileyi münasibətilə

Siz Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına (BMA) daxil olaraq, istər dekanlıqda, istərsə də professor-müəllim otağında və yaxud da foyedə – gülərüzlü, gənclik hərarətini daxilində qoruyan Nəzmiyyə Abbaszadəni mütləq görəcəksiniz və həmin anda dahi Nizaminin sözləri yada düşəcək: “Gənclik günü ömrə bir nümunədir!” Eyni zamanda ürəyinizdə belə bir fikir səslənəcək: gənclik gününü hər gün yaşamaq qəlbi nurla dolu insanlara məxsusdur.

Bu yaxın günlərdə ARB telekanalında musiqi ictimaiyyətimiz, musiqisevərlər olduqca gözəl, cəlbedici filmlə tanış oldular. “Həyat sonatası” adlı sənədli film səmimi və mehriban insan, ilk qadın violonçel ifaçısı, Əməkdar incəsənət xadimi, professor, BMA-nın İfaçılıq fakültəsinin dekanı, professor Nəzmiyyə Abbaszadəyə həsr edilmişdir.

Bu filmə ötən ilin dekabrında BMA-nın Qara Qarayev zalında musiqişünas tələbələrimlə birlikdə baxmışdıq. Filmi birnəfəsə izlədik. Film hər kəsi valeh etmişdi. Nəzmiyyə xanımı ürəkdən təbrik etdikdən sonra filmin yaradıcı kollektivini axtardım və rejissor və operatorla tanış oldum. Məlum oldu ki, bu qeyri-adi filmin məzmununu tanınmış rejissor Yeganə Əbdulməmmədova yazıb. Açığını deyim ki, ekran əsərində (dramaturji baxımdan) maraqlı material təqdim olunmuşdu. Filmdə violonçel sənətinin ustadı olan Nəzmiyyə xanımın həyatı, yaradıcılıq yolu, musiqi xadimi kimi apardığı iş, səmərəli pedaqoji fəaliyyəti və s. məqamlar əksini tapıb.

İki il bundan əvvəl “105 FM” radio dalğasında akademik, böyük alim-ustad temperamenti ilə musiqi mədəniyyətimizi tədqiq və təbliğ edən Rafael Hüseynovun “Axşam görüşləri” silsiləsindən dinləyicilər Nəzmiyyə Abbaszadə haqqında maraqlı verilişi dinlədilər. Səhəri gün zəng edib Rafael müəllimi təbrik etdim. O, dedi: “Nəzmiyyə xanım olduqca təvazökar, sadə və səmimi insandır, qeyri-adi ifaçıdır, daima axtarış yollarındadır. O, əsl sənətkardır!”.

İndi isə mən oxuculara Nəzmiyyə xanımın ata yurdundan söhbət açım.

Nəzmiyyə ziyalı ailəsində dünyaya göz açıb. Atası Müzəffər Sultanzadə – istedadlı musiqiçi idi və Azərbaycan Dövlət Türk Musiqi Texnikumunu skripka aləti üzrə (müəllimi tanınmış skripka ifaçısı M.İ.Paltsev) bitirmişdir. Həmin dövrdə M.Sultanzadə ilə birgə gələcəyin xalq artistləri Ə.Bədəlbəyli, Ə.Həsənov, Ə.Daşdəmirov oxumuşdular. Bu istedadlı musiqiçilər hətta kvartet təşkil edərək maraqlı əsərlərlə çıxış edirdilər. Bundan əlavə, Müzəffər müəllim Ü.Hacıbəylinin rəhbərliyi ilə yaradılan (texnikumun tələbələrindən ibarət) simfonik orkestrdə işləyirdi. “Arşın mal alan” operettasının səslənməsində, tamaşaya qoyulmasında Müzəffər müəllimin də əməyi var. Məhz Müzəffər müəllimin sayəsində onun bütün övladları musiqiyə maraq göstərirdilər.

Nəzmiyyənin anası – Səkinə xanım ixtisasca iqtisadçı idi və respublikamızın ictimai həyatında mühüm işlər görürdü, bir neçə dəfə deputat seçilmişdi. Səkinə xanımın arzusu var idi – qızı Nəzmiyyə pianoçu olsun. Nəzmiyyənin 7 yaşı tamam olan kimi Səkinə xanım onu professor Kövkəb Səfərəliyevanın yanına gətirir (o dövrdə K.Səfərəliyeva Orta İxtisas Musiqi Məktəbinin müdiri idi). Kövkəb xanım diqqətlə Nəzmiyyəni yoxlayır və deyir: “Nəzmiyyənin eşitmə qabiliyyəti olduqca güclüdür, yaddaşı əladır və gələcəkdə simli alətlərin birində – violonçel alətində oxumalıdır. İnanın, o, birinci violonçelçalan qadın olacaq!” Bu sözləri eşidəndən sonra Səkinə xanım çox sevinir: “Mənim qızım qadınlar arasında birinci olacaq!”...

Nəzmiyyə xanım haqqında yazmazdan əvvəl onun iki kitabını diqqətlə oxudum: “Violonçel sənətinin tarixi (XVII–XIX)” – Bakı, 2003; “Violonçel ifaçılığının metodikası” – Bakı, 2019. İlk təəssürat – sözün əsl mənasında, violonçel alətinə “vuruldum”! Elmi, tarixi və nəzəri baxımdan maraqlı ümümləşdirmələr, nəticələr, orijinal düşüncələr və bu sənətin inkişaf yolları, perspektivləri haqqında maraqlı tövsiyələr oxudum. N.Abbaszadənin fikrincə, İ.S.Bax, İ.Brams, A.Dvorjak, F.Şopen, E.Qriq kimi bir çox bəstəkarların violonçel üçün yazdığı əsərlər (bu əsərlər Nəzmiyyə xanım və onun tələbələrinin repertuarındadır) onun üçün zirvədir. Məsələn, İ.S.Bax alman musiqisində inkişaf üçün təkan verə biləcək bütün nailiyyətləri özündə cəmləşdirmiş və özündən öncəki bəstəkarların ənənələrini davam etdirmişdir. O cümlədən Fransa, İngiltərə, İtaliya bəstəkarlarının təcrübəsini də öyrənmiş və onların nailiyyətlərini ümumiləşdirərək yeni, yüksək səviyyəyə qaldırmışdır.

Nəzmiyyə xanım dərs vəsaitində yazır: “Baxın melodik xətti polifoniya ilə zənginləşdirmək məharəti, beşinci süitanın dördsəsli fuqasında ən yüksək zirvəsinə çatır... ”.

Qış imtahanlarının birində mən bu fuqanı dörd violonçel ifaçısının təqdimatında eşitdim. Baxın alterasiya və xromatizmlərlə zəngin olan polifoniyasını səhnədə səsləndirmək çox çətin işdir. Qış sessiyasında Nəzmiyyə xanımın digər yetirmələrini də dinlədim.

Bir dekan kimi N.Abbaszadə çox ciddi insandır. Əgər tələbə bütün il dərsə gəlməyib və proqramı hazırlamayıbsa, onu imtahana buraxmır. Belə də olmalıdır. Özü də onlara sakit mülayimcəsinə səbəbini başa salır. Həmin tələbələri hərdən müdafiə edən cavan müəllimlər olur. Nəzmiyyə olduqca mədəni şəkildə onlarla da söhbət aparır. Açığını deyim ki, mən 60 ildir doğma akademiyamızda işləyirəm və görürəm tələbələr necə dəyişilib!

Bəli, bu həqiqətdir! Bir neçə nəsil gözümüzün qabağında keçib! Lakin nə mən, nə də məndən 8 il sonra (1963-cü ildə) bu gözəl sənət ocağımıza daxil olan N.Abbaszadə heç dəyişilməmişik. Bizi nə birləşdirir? Səmimi ünsiyyət, sadəlik, pedaqoji fəaliyyətimizə vicdanla və məsuliyyətlə yanaşmamız, insanlara olan isti münasibətimiz... Biz heç vaxt yorulmuruq! Nə vaxt qapını açıb dekanlığa girsəm Nəzmiyyə xanım ayağa durur və üzündə günəşlə deyir: “Buyurunuz, gəlin, əyləşin”. Nəzmiyyə xanım çox səliqəli qadındır və zövqlə kabinetini tarixi fotolarla, kitablarla, güllərlə bəzəyib. Mənim isə ona çoxlu suallarım olur və hamısına o, müfəssəl, dəqiq şəkildə cavab verir.

Böyük ustadımız Sabir Əliyevin tələbəsi olan Nəzmiyyə xanım BMA-nın Böyük zalında tez-tez konsertlər verirdi: bu solo konsertlər idi. O, həmçinin Azərbaycanda qadınlardan ibarət simli kvartet yaradır: Tamilla Əliyeva (I skripka), Xavər Rəhimova (II skripka), Səidə Seyidova (viola) və Nəzmiyyə Abbaszadə (violonçel). Qısa müddət ərzində gənc ifaçılarımız maraqlı və çətin proqram tərtib edirlər. Bu konsertdə qüdrətli bəstəkarların əsərləri səslənir, o cümlədən L.Bethovenin, K.Debüssinin və D.Şostakoviçin kvartetləri. O zaman Azərbaycan Dövlət Konservatoriyasının rektoru, böyük bəstəkarımız, Xalq artisti Cövdət Hacıyev konsertə yüksək qiymət vermiş və həmişə bu kollektivi dəstəkləmişdi. Məhz Cövdət müəllimin səyi nəticəsində kvarteti iki dəfə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına ezamiyyətə göndərirlər və burada onlar məşhur alt alətinin ustadı – L.Bethoven adına kvartetin iştirakçısı olan V.V.Borisovskidən ustad dərsləri alırlar.

Həmin vaxt Azərbaycan Bəstəkarlar İttifaqının binasında bir neçə dəfə həm qadınlar kvarteti və həmçinin Sərvər Qəniyevin də yaratdığı kvartet maraqlı əsərlərlə çıxış etdilər. Azərbaycan bəstəkarlarının əsərləri bu konsertlərdə xüsusi yer tuturdu. İfa olunmuş əsərlərin hamısı Azərbaycan Televiziyası və Radiosunun fonotekasında qorunur.

1969-cu ildə qadın kvarteti Belçikada (Liyej şəhərində) beynəlxalq müsabiqədə iştirak etmək üçün hazırlaşır. Əvvəlcədən bu kvartetin çaldığı əsərlərlə Ümumittifaq miqyasında baxış keçirilməli idi. Adətən bu, Moskvada təşkil olunurdu. Qızların ifalarını dinləyən yüksək səviyyəli və görkəmli mütəxəssislər ümumi qərara gəlirlər: istedadlı ifaçılar mütləq Moskva Konservatoriyasının aspiranturasına girməlidirlər. Beləliklə, Nəzmiyyə xanım da Moskvada təhsil alır. Qadınlar kvarteti populyarlıq qazanır, müxtəlif şəhərlərə dəvət olunurlar.

Bu qeyri-adi kvartetin ifalarını mən həm Bəstəkarlar İttifaqında, həm də doğma sənət ocağımızın Böyük zalında eşitmişəm. Bundan başqa, professor S.Əliyev o zaman başçılıq etdiyi kafedranın müəllimlərini müxtəlif konsert proqramlarına daxil edirdi. Bu səbəbdən ifaçı Nəzmiyyə xanım haqqında xüsusi düşüncələrim var. Düzdür, o indi səhnədə az görünür, çünki tələbələrini beynəlxalq müsabiqələrə, forumlara, konsertlərə hazırlayır. Öz qəlbini, ürəyinin istisini, biliklərini, enerji qüvvəsini – hamısını öz övladlarına, yəni tələbələrinə, yetirmələrinə verir. Mənə daha çox Orxan Hüseynovu dinləmək qismət olub. İndi Orxan dünya miqyasında tanınmış ifaçı və mütəxəssisdir. Onu eşidəndə qarşımda sanki cavan, temperamentli ifaçı Nəzmiyyə canlanır.

Respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Orxan Hüseynov ustadı barədə deyir: “Nəzmiyyə xanımla tanış olanda 6 yaşım var idi. Heç ağlıma belə gətirməzdim ki, o ilk görüş məni bu gözəl insana sehrli şəkildə elə bağlayacaq ki, bundan sonra atacağım bütün addımlar yalnız onunla birlikdə olacaq. Şərqin ilk professional qadın violonçel ifaçısı, respublikanın Əməkdar incəsənət xadimi, BMA-nın professoru olan bu xanımın tələbəsi olmaq mənim üçün çox məsuliyyətli və olduqca qürurvericidir. Violonçeli əlimə aldığım hər an gözümün önünə ilk dərsinə girdiyim gündən bu ana qədər saatlarla, günlərlə yorulmadan mənimlə çalışan, hər dərsdə canını qoyan bir insan, nəinki musiqiçi, həm də insan kimi məni yetişdirən ustadım Nəzmiyyə xanım gəlir. O mənim üçün həm ana, həm də müəllimdir. Bütün nailiyyətlərimin bünövrəsini quran şəxsdir. Mənim respublika və beynəlxalq müsabiqələrdə qalibiyyətim, beynəlxalq konsertlərdə, festivallarda iştirakım gözəl müəllimim, ustadım Nəzmiyyə xanımın sayəsində olmuşdur. Nəzmiyyə xanımı yubileyi münasibətilə təbrik edir, sağlam can və uzun ömür arzulayıram və deyirəm: “Tələbələriniz olaraq Sizin əzəmətiniz, yüksək insani hissləriniz, məhəbbətiniz qarşısında baş əyirik”.

Artıq kafedra müdiri təyin olunan ildən (1989) N.Abbaszadə istedadlı gəncləri pedaqoji fəaliyyətə cəlb etməyə başlayır. Möhkəm peşəkarlıqla, texniki mədəniyyəti ilə səciyyələnən ifaçılıq “baza”sının əsasını möhkəmləndirir, zənginləşdirir. İndi isə dekan vəzifəsində çalışaraq yenə layiqli mütəxəssislər axtarır, onları sınaqdan keçirəndən sonra işə cəlb edir.

Nəzmiyyə xanım öz alətinə vurğun bir şəxsiyyətdir. O, bütün musiqi məktəbləri, kollecləri ilə sıx əlaqə saxlayır, yeni kadrlar haqqında düşünür. Şəxsən özü bu sənət ocaqlarına gedir və istedadlı tələbələr axtarır. Və arzularına nail olur. Onun ictimai fəaliyyətinə aid bəzi ştrixləri də əlavə etməliyəm.

Böyük ustad və dahi pedaqoq M.Rostropoviçin akademiyamızda keçirilən “Ustad dərsləri” Nəzmiyyə xanımın səyinin nəticəsidir. Ustadın ölümündən sonra Nəzmiyyə xanım onun qızı Olqa Rostropoviç ilə sıx əlaqə saxlayır. Bakıda keçirilən Rostropoviç Beynəlxalq Musiqi Festivalı günlərində onun ev-muzeyində tələbələrinin iştirakı ilə bir neçə konsert təşkil etmişdir.

Son illər bir çox Azərbaycan bəstəkarlarının əsərlərini violonçel üçün köçürən (işləyən) N.Abbaszadə, həmçinin Q.Qarayevin, T.Bakıxanovun, A.Rzayevin, X.Mirzəzadənin simli kvartetlərinə həsr olunmuş maraqlı metodik işlərin müəllifidir.

Bu yaxınlarda N.Abbaszadə rus dilində maraqlı dərs vəsaiti yazmışdır. Eyni zamanda “Violonçel üçün orkestr çətinlikləri” adlı gözəl dərs vəsaiti çap olunub.

Bütün misalların, yaradıcılıq həyatının faktları arxasında böyük varlığı ilə sənətə bağlanmış, öz dəst-xəttini yarada bilmiş hərtərəfli, geniş səviyyəli ifaçı surəti “gizlənir”. Bu surət – bizim əzizimiz Nəzmiyyə Abbaszadədir! Əla zövq, gözəl forma duyumu, mütənasiblik, fikir və ifadə aydınlığı, dəqiqlik kimi ifaçı xüsusiyyətləri onun simasında cəmləşir. Musiqi Nəzmiyyə xanımın həyatıdır, yaşatmaq, bu günümüz və sabahımız haqda düşünmək, xəyallara qovuşmaq, insanlarla ünsiyyətdə olmaq vasitəsidir.

Hər bir sənətkar ömür yolunun döngələrində ayaq saxlayıb arxaya, keçib gəldiyi enişli-yoxuşlu cığırlara nəzər salır. Nəzmiyyə xanım keçdiyi sənət yoluna baxıb fəxr edə bilər. Lakin irəlidə milli musiqimizin yaşaması, təkamülü yolunda onu axtarış dolu yollar gözləyir.

Nəzmiyyə xanımın bütün ifalarında (və bəzi parlaq, istedadlı tələbələrin ifasında) biz öz müasirimizin münasibətini, onun düşüncə və duyğularını, hər birimizin mənəviyyatı və dünyagörüşünü formalaşdıran zəmanəmizin nəbzini, ritmini hiss edirik.

Nəzmiyyə xanımı anadan olmasının 75 illiyi münasibətilə təbrik edir, gözəl, sevinclə və səadətlə dolu günlər, yeni monoqrafiyalarının, dərsliklərinin çap olunmasını arzulayırıq.

İmruz ƏFƏNDİYEVA
Ü.Hacıbəyli adına BMA-nın professoru, sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar incəsənət xadimi