Mövcud karantin şəraitində paytaxt məktəblilərinin yay tətili günlərini maraqlı etmək üçün müəllimləri tərəfindən onlayn şəkildə müxtəlif aksiyalar keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, paytaxtın 7, 32, 68, 71, 116, 201, 261, 263, 288, 306, 313, 328, 329 nömrəli tam orta məktəbləri və S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyası şagirdlərinin iştirakı ilə “Əsgər marşı” mahnısının (musiqi – Cavanşir Quliyev; söz – Əli Kamin) onlayn ifası təşkil olunub. Onlayn ifa əsasında hazırlanmış videoçarx maraq doğurur.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əməkdaşı, pedaqogika üzrə fəlsəfə doktoru Nərmin Kamilovanın rəhbərliyi, məktəblərin musiqi müəllimlərinin dəstəyi ilə ərsəyə gələn videoçarxın çəkilməsində məqsəd şagirdlərə hərbi-vətənpərvərlik hisslərini aşılamaqdır.
Videoçarxda, həmçinin Tovuz döyüşlərində əsgərlərimizin göstərdikləri şücaətdən bəhs edilir, döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalan Vətən oğulları ehtiramla yad edilir.