Lənkəran şəhər Rəssamlıq məktəbində sənətin sirlərini öyrənən Azima İbrahimova  çəkdiyi maraqlı rəsm əsərləri ilə yaxşı tanınır. 11 yaşlı istedadlı qız insan qəlbini oxşayan 20-dən çox belə əsərin müəllifidir. Əsərlərində  sevinc də var, kədər də.

Rəssamlığa tükənməz həvəs daha kiçik yaşlarında yaranıb. O, dünyanı uşaqlıq arzuları kimi saf görmək istəyi ilə fırçanı əlinə götürür. Öz ruhunu, zövqünü təbiətin tərənnümündə daha çox büruzə verir.

Rəsm müəllimi Aynur Məmmədova deyir:

– Azimanın bədii istedadı yüksəkdir. Odur ki, çəkdiyi canlı rəsmlər ürəkaçan alınır. Çalışqanlığı sayəsində maraqlı əsərlər ərsəyə gətirir. İlk uğuruna artıq nail olub. Onun  əl işi olan “Azadlıq aşiqləri günü – 20 Yanvar” rəsmi diploma layiq görülüb. Bədii ədəbiyyata da marağı böyükdür. Amma indidən rəssamlığı özünə həyat amalı seçib. Gələcəkdə təsviri sənətə öz adını yazdıracağına inanıram.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü