Ötən əsrin birinci qərinəsində Azərbaycanın mədəni-maarif və ədəbiyyat tarixində, ictimai həyatda iz qoymuş şəxsiyyətlərdən biri dramaturq, şair və publisist Mirzə Məhəmməd Axundzadə (Axundov) olub.
O, 1875-ci il avqustun 9-da Gəncədə ruhani ailəsində anadan olub. Şah Abbas məscidindəki mədrəsədə və şəhər gimnaziyasında təhsil alıb. 1894-1908-ci illərdə Gəncə sənət məktəbində və “Məktəbi-ruhaniyyə”də müəllim işləyib. 1896-cı ildə gənc müəllimin yazdığı dərslik – “Sərfi-türki” kitabı Tiflisdə çapdan çıxıb. Mirzə Məhəmməd Azərbaycan müəllimlərinin 1906-1907-ci illərdə keçirilən qurultaylarının iştirakçısı olub, Həmçinin Gəncədə teatr truppasının fəaliyyətinə kömək edib. Gəncədə “Sənayeyi-nəfisə” ədəbi dərnəyinin, “Nəşri-maarif” cəmiyyətinin rəhbərlərindən olub.
Siyasi fəaliyyətlə də məşğul olub, “Difai” təşkilatının və “Türk Ədəmi-Mərkəziyyət Partiyası”nın rəhbərlərindən olub. Bu fəaliyyətinə görə beş il sürgün həyatı yaşayıb. 1908-ci ildə evində axtarış aparılıb və “bir mauzer tüfəng və bir tapança”, “Difai” təşkilatına məxsus möhür” əşyayi-dəlil sayılaraq həbs edilib və Zakaspi vilayətinə (indiki Türkmənistan) sürgün olunub. Oradan İrana gedib, Səttar xan hərəkatında iştirak edib. Qürbətdə ikən Əli Nəzmiyə göndərdiyi “Nələr çəkdim bu qürbətdə, əzizim” mənzum məktubunda sürgün həyatının ağırlığından və əzablarından bəhs edib.
Həbs olunduğu zaman gimnaziyada dərs demək hüququndan məhrum edilsə də, 1913-cü ildə sürgündən qayıtdıqdan sonra müəllimlik fəaliyyətinə bərpa oluna bilib. 1918-ci ilədək Gəncədə maarif sahəsində çalışıb. Eyni zamanda siyasi fəaliyyətini davam etdirib, 1917-ci ilin iyununda “Müsavat”la “Türk Ədəmi-Mərkəziyyət Partiyası”nın birləşmə qurultayında yaradılmış ilk Mərkəzi Komitəsinə üzv seçilib.
Mirzə Məhəmməd Azərbaycan Xalq Cümhuriyyətinin fəal ictimai-siyasi xadimlərindən biri olub. 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçmüş Cümhuriyyət hökümətinin işinin təşkilində iştirak edib. 1918-ci ilin sentyabrında milli hökumət Bakıya köçdükdən sonra Maarif nazirinin müavini vəzifəsində çalışıb. Həmçinin Bakı Dövlət Universitetinin yaradılmasının təşəbbüsçülərindən olub. 1920-ci ilin aprel çevrilişindən sonra isə yenidən Gəncəyə qayıdaraq pedaqoji fəaliyyətini davam etdirib.
M.M.Axundzadə XIX əsrin sonlarında yaradıcılığa başlayıb, müxtəlif janrlarda bədii və elmi-kütləvi əsərlər yazıb, dramaturq (“Məhəbbətsizlik, yaxud ata-ananın təqsiri”, “Analıq”, “Hər nə əkərsən, onu biçərsən”, “Yaşına-yaşına, çıxdı ocaq başına”, “Sonrakı peşmançılıq fayda verməz”, “Səd Vəqqas” və b.), tərcüməçi, xalq ədəbiyyatı toplayıcısı kimi məşhurlaşıb. Türk yazıçısı Namiq Kamalın “Vətən, yaxud Silistrə” dramını da Azərbaycan dilinə çevirib, əsər 1907-ci il noyabrın 26-da Bakıdakı “Nicat” cəmiyyətinin teatr truppası tərəfindən səhnəyə qoyulub. O daha sonra ingilis dramaturqu Vilyam Şekspirin “Venedikt taciri”, “İki veronalı”, rus yazıçısı N.V.Qoqolun “Evlənmə”, Bədrəddin Həsən və Məhəmməd Rüfətin “Nədamət” pyeslərini də Azərbaycan türkcəsinə tərcümə edib.
Mirzə Məhəmməd Azərbaycan şifahi xalq yaradıcılığının toplanması və nəşri işinə də töhfəsini verib. Onun 1910-cu ildə Bakıda Orucov qardaşlarının mətbəəsində nəşr etdirdiyi “Məclis yaraşığı” adlı kitabında üç yüzdən artıq müxtəlif məzmunlu lətifə toplanmışdı. Tədqiqatçıların fikrincə, onların arasında tərtibçinin özünün də qələm məhsulları az deyildi. 1926-cı ildə Bakıda “Azərbaycan ədəbiyyatı cəmiyyəti” tərəfindən çap edilmiş “Bayatılar və manilər” kitabına yazılmış “Bir-iki söz”dən də məlum olur ki, kitabdakı materialların toplanmasında Mirzə Məhəmmədin də xidmətləri olub.
M.M.Axundzadənin 1909-cu ildə Gəncədə “Dram cəmiyyəti” tərəfindən nəşr edilən “Teatro nədir?” əsəri Azərbaycan türkcəsində teatr haqqında yazılmış ilk kitab sayılır.
O, dövri mətbuatda – “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Yeni həqiqət”, “Günəş”, “İqbal”, “Açıq söz” qəzetlərində publisist məqalələrlə çıxış edir, aktual sosial-mədəni problemləri müzakirəyə çıxarırdı. Onun “Molla Nəsrəddin” jurnalı ilə əlaqələri daha sıx olub. 1906-cı ildən başlayaraq jurnalda “Yoncasatan”, “Mollapərəst”, “Hatif”, “Gözü ilə görən”, “Gəncə şairi” və s. imzalarla satirik şeirlər və felyetonlar dərc etdirib.
Mirzə Məhəmməd Axundzadə 1923-cü ildə Gəncədə vəfat edib və Səbiskar məzarlığında dəfn olunub.