Görkəmli yazıçı-dramaturq, ictimai xadim Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) maraqlı bədii əsərləri ilə ədəbiyyatımızı zənginləşdirdiyi kimi, publisistikası və jurnalist fəaliyyəti ilə də ölkəmizdə mətbu fikrin inkişafına mühüm töhfələr verib. Bu il anadan olmasının 150 illiyi dövlət səviyyəsində qeyd edilən böyük ədibin “Molla Nəsrəddin” jurnalındakı fəaliyyətinə nəzər salacağıq.
Təkcə Azərbaycanın deyil, bütövlükdə müsəlman Şərqinin qəflət yuxusundan oyanmasına güclü təsir göstərmiş “Molla Nəsrəddin” jurnalının (1906-1931) özü və onun əsasında yaranan ədəbi məktəb və bu məktəbin nümayəndələrinin irsi günümüzdə də əhəmiyyətini qoruyub saxlayır. Satirik dərginin ən fəal yazarlarından biri də Əbdürrəhim bəy Haqverdiyev olub. “Molla Nəsrəddin” ədəbi məktəbinin tanınmış tədqiqatçısı, mərhum professor Firudin Hüseynov yazır ki, jurnalın azərbaycançılıq ideyasının daşıyıcıları – Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Məmməd Səid Ordubadi və başqalarının durduğu cərgədə Əbdürrəhim bəy Haqverdiyevin öz yeri, öz xidmətləri var.
Haqverdiyevin yaşadığı dövrdə milli özünüdərk, Vətənin istiqlalı, millətin oyanıb öz haqqını tələb etməsi, ana dilinin yad təsirlərdən qorunması, gözəl milli adət-ənənələrə sədaqət kimi amillərə diqqət artırdı. Şübhəsiz ki, Əbdürrəhim bəyin də bədii yaradıcılığı bu amillərlə sıx bağlı idi. Onun bədii yaradıcılığı xalqı ilə dərdləşmək və onu böyük tərəqqiyə, təkamülə yetirməyə xidmət edirdi. Vətənini istiqlala qovuşdurmaq, millətini tərəqqiyə çatdırmaq, ana dilinin gözəlliyini qorumaq üçün ədib bir tərəfdən bədii nəsrin, dramaturgiyanın imkanlarından, digər tərəfdən mətbuatın və xüsusilə “Molla Nəsrəddin”in tribunasından məharətlə istifadə edirdi.
Haqverdiyev xatirələrində “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması və cəmiyyətdə doğurduğu reaksiyanı belə qiymətləndirirdi: “Mоlla Nəsrəddin” jurnalı çıxmağa başlayanda mən Şuşada idim. 1906-cı sənənin aprelində çıxan birinci nömrəsi may ayının əvvəllərində əlimizə keçdi. Bu nömrə şəhər əhalisi arasında bir bombatək partladı. Birinci nömrənin birinci səhifəsində mollalara zərbə vurması, həmişə üsuli-şeyxi və Hacı Kərimxanı söhbətlərinə məşğul olan və mollaları “başlarında gəzdirən” Şuşa əhalisinə təsirini qələm təsvir etməkdən acizdir. Gah оnun adını misyоner və xalqı müsəlmanlıqdan döndərib xaçpərəstliyə çəkmək istəyən jurnal qoydular, gah danışırdılar ki, guya bu jurnalı nəşr edən babilərdir. Mоllalar jurnal yazanları və оxuyanları təkfir edib deyirdilər: “Bu jurnal gərək bir müsəlmanın evinə girməsin, оnu nəinki оxumaq, ələ belə almaq haramdır”. Bu sözlər bir Qarabağda yоx, Zaqafqaziyanın hər bir şəhərində deyilirdi”.
Ədib jurnalın aparıcı imzaları, müəllifləri və onlarla münasibətləri barədə yazırdı: “Sabirlə mənim yavıq rəfaqətim var idi: оnunla çоx görüşüb çox müsahibədə bulunurdum. Sabirin təbinə, qafiyəpərdazlığına, bədahətən şeir söyləməsinə heç bir söz оlmazdı. Sabir həqiqətən şeirdə böyük məharət yetirmiş bir şair idi. Sabir “Molla Nəsrəddin”dən çоx qabaq şeirlər yazardı. Nəhayət, Sabiri “Sabir” edən “Molla Nəsrəddin” оldu. Təb Sabirin idi, qafiyəpərdazlıq Sabirin idi, istedadi-şeriyyə Sabirin idi, fəqət mövzu verən “Mоlla Nəsrəddin” və Mirzə Cəlil idi. 1913-cü sənədə Mirzə Cəlil şair Əliqulu Nəcəfzadə “Qəmküsar” təxəllüsü özünə redaktor yoldaşı qəbul etdi. Nəcəfzadə qabil, mövzu təbli, dərin ittilatlı və sоn dərəcədə hafizəli idi ki, uşaqlıqdan о günə kimi оxuduğu cəmi əşar оnun hafizəsində idi.
Əliqulu Nəcəfzadə оndan da qabaq “Mоlla Nəsrəddin”ə “Cüvəllağı” imzası ilə şeirlər yazıb göndərərdi. Оnun ikinci redaktоr оlması jurnalı daha da ruhlandırdı. Nəhayət, 1919-cu sənədə оnun vəfatı “Mоlla Nəsrəddin”ə böyük bir zərbə vurub, hətta jurnalın üç il dayanmasına səbəb оldu. 1922-ci ildə, Azərbaycan sоvetləşdikdən sоnra Mirzə Cəlil Bakıya köçüb köhnə yоldaşlarını başına cəm edib jurnalı nəşr etməyə başladı”.
***
“Molla Nəsrəddin” dərgisi Haqverdiyevin də yaradıcılıq istiqamətlərinin müəyyənləşməsində aparıcı rol oynayırdı. Filologiya üzrə elmlər doktoru, professor Allahverdi Məmmədli qeyd edir ki, Əbdürrəhim bəyin hekayələrində, bütövlükdə bədii nəsrində Cəlil Məmmədquluzadənin təsiri hiss olunur. İstər “Molla Nəsrəddin” səhifələrində, istərsə də nəsr yaradıcılığında Ə.Haqverdiyev tipik obrazlar yaradır və həmin obrazları özünü dərk etməyə, istiqlalını qazanmağa, inkişafa hazırlayır. O, Azərbaycan milli koloritindən, milli məişətindən çıxış edərək ya bunu bəyənir, təbliğ edir, ya da köhnəliyi tənqid edib yeni dünyaya, yeniliyi duymağa çağırır.
“Molla Nəsrəddin”in əməkdaşları sırasında xalqı yaxşı anlayan və onun dərdlərinə əlac axtaran bir ədib kimi Ə.Haqverdiyev sözü özünə silah seçmişdi. Onun “Molla Nəsrəddin”ə qədər də mətbu yaradıcılığı vardı. 1906-cı ildə “Həyat” qəzetində dərc etdirdiyi “Ata və oğul”, “Ayın şahidliyi” hekayələri böyük maraq doğurmuşdu. “Molla Nəsrəddin” kimi qüdrətli bir jurnalın fəaliyyətə başlaması isə onun bədii nəsrinə geniş meydan açdı. Jurnalın yaradıcısı və ideya rəhbəri Cəlil Məmmədquluzadə “Xatiratım”da yazırdı: “Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil, “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam”. Bu “ağsaqqal yoldaş”ın yaradıcılıq işində ən çox söykəndiyi ədiblər sırasında Əbdürrəhim bəy xüsusi yer tutur. O, Xortdan, Ceyranəli, Mozalan bəy imzaları ilə jurnalda çıxış edirdi. Müəllifin “Cəhənnəm məktubları”, “Marallarım” silsiləsindən satirik hekayələri, “Mozalan bəyin səyahətnaməsi” kimi əsərləri bu jurnalda dərc olunub.
Ədibin “Xortdanın cəhənnəm məktubları” povesti ictimai xarakterinə, qaldırdığı problemlərə, mövzu aktuallığına və üslubuna görə ədəbiyyatımızın seçilən əsərlərindəndir. Bu əsərdə yazıçı XIX əsrin sonu – XX əsrin əvvəlləri Azərbaycan mühitinin bədii portretini yaradıb. Povestdə nəzərə çarpan ictimai qüsurlar, eybəcərliklər satirik üslubda ifşa olunub. “Molla Nəsrəddin”də hissə-hissə dərc olunan povest ədibin bir sənətkar narahatlığının ifadəsidir. Xalqın oyanması, haqqı nahaqdan seçməsi, qanunsuzluqlara göz yummaması bir yazıçı kimi onun əsas qayəsi idi.
***
Ə.Haqverdiyevin silsilə şəklində “Molla Nəsrəddin”də dərc olunan ikinci əsəri “Mozalan bəyin səyahətnaməsi”dir. Yazıçı bu mövzuda satirik yazıların jurnal səhifəsinə gəlməsinin tarixçəsini belə qeyd edir: “Bir dəfə cəm olub “İbrahim bəyin səyahətnaməsi”ndən (Zeynalabdin Marağayi) söhbət edirdik. Burada “Molla Nəsrəddin”in dostlarından Ömər Faiq Nemanzadə, Salman Mümtaz, Qurbanəli Şərifov var idi. Bunu da deməliyəm ki, “Molla Nəsrəddin”in cəmi Türküstanda şöhrət və nüfuz qazanmasına səbəb Salman Mümtaz olduğu kimi, Naxçıvan tərəfindən də Qurbanəli Şərifov səbəb idi. “İbrahim bəyin səyahətnaməsi”ndən söhbət olduqda mən dedim: “Nə olardı, bu kitaba nəzirə – bir “Səyahətnameyi “Molla Nəsrəddin” də olaydı. Aya, görəsən, “Molla Nəsrəddin” islam aləmini səyahət etsə, onun başına nə müsibətlər gələ bilər? Bu yerdə Mirzə Cəlil üzünü bizə tutub dedi: Gəlin biz Mozalanı gəzdirək. Ancaq bunun səyahətnaməsini öz aramızda bölüşdürək. Hər kəs onu özü görüb bildiyi yerə aparıb səyahət etdirsin; oxuyanlar güman etsinlər ki, həqiqətən, bu adam gəlib buraları görüb, bu felyetonları yazmış. Belə də oldu. Birinci felyetonu mən başlayıb Mozalanı Bakıya kimi gətirdim. Bakıdan Məşhədə onu Salman Mümtaz apardı. İrəvan və Naxçıvan tərəflərində Qurbanəli Şərifov gəzdirdi. Beləliklə, “Mozalan bəyin səyahətnaməsi” ortalığa çıxdı”.
Ədibin “Molla Nəsrəddin”dəki başlıca mövzuları real həyatın və vaxtı keçmiş münasibətlərin tənqidindən ibarətdir. Ədibin “Marallarım” əsərindən kiçik bir parça da onun ideyası və hədəfləri barədə aydın təsəvvür yaradır: “Hər yer mənim marallarımla doludur. Gözəl marallarım, göyçək marallarım... Hacı marallarım, kərbəlayı marallarım, məşədi marallarım, molla, rövzəxan, bəy-xan marallarım. Başları qapazlı, üzləri tüpürcəkli marallarım...”.
Ə.Haqverdiyev ömrü boyu “Molla Nəsrəddin”ə sədaqətli olub, onu müdafiə edib, Mirzə Cəlil ilə dostluğunu davam etdirib. Onun sovet dövründə yazdığı əsərlərin də mayasında mollanəsrəddinçilik ruhu yaşayır. Ədibin “Ağac kölgəsində”, “Ədalət qapıları”, “Köhnə dudman”, “Yoldaş Koroğlu” pyeslərində, “Söhbət”, “Diş ağrısı”, “İanə” və başqa hekayələrində Azərbaycan cəmiyyətində olan mənfi hallar kəskin tənqid olunur.
***
Ə.Haqverdiyevin 150 illik yubileyi haqqında dövlət başçısının 31 yanvar 2020-ci il tarixli sərəncamı böyük ədibin həyat yoluna və zəngin yaradıcılığına, habelə ictimai fəaliyyətinə yenidən nəzər salmaq imkanı yaradır. Yubiley münasibətilə müxtəlif tədbirlər təşkil olunur, yazıçının ədəbi-mədəni fikrimizin inkişafındakı xidmətləri xatırlanır. Haqverdiyevin 150 illiyi həmçinin UNESCO-nun 2020-2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri sırasına daxil edilib.
Ömrünün böyük bir hissəsini xalqımızın maariflənməsinə, ictimai-mədəni həyatın inkişafına həsr edən Əbdürrəhim bəy Haqverdiyev bənzərsiz bədii irsi ilə yanaşı, publisistik fəaliyyəti ilə də yaddaşlarda əbədi yaşayacaq.
Nurəddin MƏMMƏDLİ