Etno-caz qrupu karantin şəraitində hazırladığı kompozisiyanı təqdim edib
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində ənənəvi olaraq təşkil olunan “Dünya musiqiləri” Beynəlxalq Etnik Festival bu il pandemiya səbəbindən onlayn formatda gerçəkləşib.
Sankt-Peterburq Mədəniyyət Komitəsinin dəstəyi və Sankt-Peterburq Teatr və Musiqi Muzeyinin təşkilatçılığı ilə avqustun 8-də keçirilən festival Rusiyanın “Vkontakte” sosial şəbəkəsində, həmçinin “Böyük efir” telekanalında və “Rusiya Federasiyasının mədəniyyət portalı”nda (www.culture.ru) yayımlanıb.
İki saat davam edən canlı yayımda Rusiyanın müxtəlif şəhər və regionlarından, habelə Qazaxıstan və Azərbaycandan ümumilikdə 15 musiqi kollektivi çıxış edib.
Festivalda ölkəmizi Xalq artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” etno-caz qrupu təmsil edib. Qrup tərəfindən Dave Brubeckin “Take Five” əsərinin milli musiqi alətlərində ifası təqdim edilib. “Cəngi”nin karantin şəraitində, Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalının “Evdə qal – evdə yarat” təşəbbüsü çərçivəsində hazırladığı kompozisiya auditoriyanın böyük marağına səbəb olub.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Cəngi” qrupu xalq musiqisi ilə cazın sintezini təşkil edən kompozisiyaları ilə məşhurdur. Azərbaycanı dəfələrlə musiqi yarışmalarında, beynəlxalq festivallarda təmsil edən qrupun tərkibinə Xalq artisti Mircavad Cəfərov (bədii rəhbər, ud ifaçısı), əməkdar artistlər Ruslan Hüseynov (bas-gitara) və Kamran Kərimov (nağara), Mircavid Cəfərov (tar), Nicat Bayramov (zərb alətləri), Vasif Hüseynzadə (fortepiano), Fuad Mehdiyev (zərb alətləri), Lütfiyar Əliyev (saksofon), Yusif Əzizov (davul) daxildir.
Qeyd edək ki, onlayn festivalın iştirakçıları 2021-ci ilin avqust ayında Sankt-Peterburq şəhərinin Şeremetyevo sarayında açıq havada keçiriləcək növbəti “Dünya musiqiləri” festivalında çıxış etmək üçün dəvət olunublar.