Mədəniyyət Nazirliyi ilə ABŞ səfirliyi arasında anlaşma memorandumu imzalanıb

Avqustun 19-da Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Litzenberger ilə görüşüb.

Səfirə fəaliyyətində uğurlar arzulayan Anar Kərimov Azərbaycanla ABŞ arasında humanitar sahədə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək bu sahədə geniş imkanların olduğunu bildirib.

Görüş zamanı “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyi arasında “Amerika guşələri” proqramı çərçivəsində əməkdaşlıq haqqında” yeni anlaşma memorandumu imzalanıb.

Xatırladaq ki, nazirliklə səfirlik arasında 2017-ci ildə imzalanan anlaşma memorandumuna əsasən, Gəncə şəhəri, Salyan, Xaçmaz və Kürdəmir rayon mərkəzi kitabxanalarında “Amerika guşələri” yaradılıb. Qarşılıqlı razılıq əsasında növbəti üç il müddətinə yeni sənəd imzalanıb.

Anlaşma memorandumu Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və ABŞ-ın Azərbaycan Respublikasında Səfirliyinin 2020–2023-cü illərdə Gəncə şəhəri, Salyan, Xaçmaz və Kürdəmir rayon mərkəzi kitabxanalarında “Amerika guşələri” kimi tanınan ictimai informasiya və fəaliyyət mərkəzlərini dəstəkləməkdə birgə əməkdaşlığının davam etdirilməsini nəzərdə tutur.

Sənədə əsasən, Mədəniyyət Nazirliyi guşələrin fəaliyyət göstərməsinə dəstəyi təmin edəcək. Öz növbəsində səfirlik guşələri Birləşmiş Ştatlar haqqında, habelə  ikitərəfli maraqlara uyğun mövzularda çap edilmiş ədəbiyyat və internet əsaslı elektron resurslarla, ABŞ-ın dövri mətbuatına abunə və Amerika filmlərinin nümayişinə icazəni nəzərdə tutan lisenziya ilə təmin etməyi üzərinə götürür. Hər bir guşənin veb-saytının fəaliyyəti və mütəmadi qaydada yenilənməsi də səfirlik tərəfindən həyata keçiriləcək. Eyni zamanda nazirlik və səfirliyin birgə əməkdaşlığı ilə guşələrin işçiləri üçün treninq və məşvərətlər təşkil ediləcək.

Səfir Li Litzenberger layihənin regionlarda yaşayan azərbaycanlı gənclərin ingilis dilini öyrənməsi və inkişaf etdirməsi, Amerika mədəniyyəti və cəmiyyəti haqqında məlumat alması üçün mükəmməl bir vasitə olduğunu qeyd edib, anlaşma memorandumunun yenidən imzalanmasının əhəmiyyətini bildirib.

Görüşdə ölkəmizin mədəniyyət və tarixi abidələrinin bərpasına səfirliyin ənənəvi dəstəyinin davam etdirilməsi və mədəniyyət sahəsində menecerlərin yetişdirilməsi üçün birgə treninq layihələrinin həyata keçirilməsi, mədəniyyət sahəsində rəqəmsallaşmanın inkişafı ilə bağlı əməkdaşlığın gücləndirilməsi, yaradıcı sənayelərin inkişafı üçün təcrübə mübadiləsinin aparılması ilə bağlı mövcud əməkdaşlığın daha da genişləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan incəsənət xadimlərinin ABŞ-da keçirilən konsertlərdə iştirak etdiyi, eyni zamanda ABŞ sənətçilərinin Bakıda keçirilən Caz festivallarında çıxış etdiyi diqqətə çatdırılıb.