Tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərov avqustun 22-23-də Nyu-Yorkdan onlayn yayımlanacaq “Heart and Mind Festival”a (Qəlb və idrak festivalı) qatılmaq üçün təklif alıb. Festival bu il “Totem” mövzusuna (heyvanlar və ruhlar aləminin təbiətlə harmoniyası) həsr olunub.

Q.Əsgərov festivalda 1 saatlıq onlayn konsert proqramı ilə çıxış edəcək. O, “Şüştər”, “Şur” muğam kompozisiyaları, “Sarı gəlin”, “Küçələrə su səpmişəm” xalq mahnılarını səsləndirəcək.

Xanəndəni tarda İbrahim Babayev, kamançada Elnur Mikayılov, nağarada Əməkdar artist Kamran Kərimov, bəm nağarada Yusif Əzizov, pianoda Vasif Hüseynzadə, balabanda Rəfael Əsgərov müşayiət edəcəklər.

Onlayn konsertə biletlər artıq satılıb. Konserti 10 mindən çox insan izləyəcək və onlara canlı konsert haqqında şərh yaza bilmək imkanı veriləcək.