Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) avqustun 9-da “Forbes” jurnalında Aleks Ledsomun müəllifliyi ilə dərc olunan “Karantindən sonra ilk səyahət? Mövcud olmayan ölkəyə gedin” adlı köşə yazısı ilə bağlı nəşrə etiraz məktubu göndərib.

Yazıda müəllif dünyanın bir sıra ekzotik yerlərinə səyahəti tövsiyə edərkən Dağlıq Qarabağ və Abxaziyadan da bəhs edib.

BMTM-nin şöbə müdiri Fuad Çıraqov mərkəz adından “Forbes” jurnalının redaktorlarına ünvanlandığı etiraz məktubunda dünyanın ekzotik yerlərinin hazırda işğal altında olan ərazilərlə müqayisəsinin yolverilməz olduğunu və məqalənin beynəlxalq ictimaiyyətin çaşdırılmasına xidmət etdiyini göstərib. Məktubda insanları işğal edilmiş ərazilərə səfərə dəvət etməyin doğurduğu hüquqi məsuliyyəti də jurnal redaksiyasının diqqətinə çatdırıb.

Bu müraciət nəticəsində jurnalın saytındakı yazıda işğal edilmiş Dağlıq Qarabağa və Abxaziyaya aid hissələr çıxarılaraq xüsusi qeyd yerləşdirilib. Qeyddə göstərilir ki, göstərilən ərazilər münaqişə əraziləridir və buna görə də bölgəyə səfərlər tövsiyə edilmir.