Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri “Dünyanın 200 nüfuzlu liderinin G20 ölkə liderlərinə” adlı müraciətə imza atıblar. Müraciət COVİD-19 pandemiyası səbəbindən qlobal təhsildə yaranmış fövqəladə halların aradan qaldırılması üçün təcili tədbirlər görülməsi barədədir.

Müraciətdə bildirilir ki, 1 milyarddan çox uşağın təhsili məktəblərin bağlanması səbəbindən yarımçıq qalıb. UNESCO-nun hesablamalarına görə, təxminən 30 milyon uşağın gələcəkdə təhsil almaq taleyi sual altındadır.

Qeyd olunur ki, təhsil insan inkişafının, demək olar ki, bütün sahələrində - uşaq və ana sağlamlığı, gender bərabərliyi, iş yerlərinin yaradılması və iqtisadi artım ilə əlaqəli olduğuna görə təhsildə pandemiya səbəbindən fövqəladə vəziyyətin yaranması illər ərzində 2030-cu il Davamlı İnkişaf Məqsədlərinə nail olmaq perspektivlərini sarsıdacaq. Dünya Bankının hesablamalarına əsasən, təhsilin uzunmüddətli dondurulmasının iqtisadi dəyəri 10 trilyon dollar qədər ola bilər. Müraciət bütün bu potensial problemlərin qarşısını almaq məqsədilə dünya liderlərini və hökumətləri yarım il ərzində təhsildən məhrum olmuş, indi məktəbə qayıtmağa hazırlaşan milyonlarla uşağın gələcəyi naminə  yeni proqramlara və düzgün təlimlərə investisiya qoymağa çağırır.