Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 95 illiyi münasibətilə videoslayd tərtib edib. Videoslaydda şairin həyat və yaradıcılığından, onunla bağlı xatirələrdən, Şəkidəki ev-muzeyindən bəhs olunub.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon MKS-nin Mərkəzi kitabxanası yeni “Hər günə bir şeir” layihəsinə start verib. Kitabxanadan bildirilib ki, layihə çərçivəsində əsərləri xalqın, oxucuların könlünə yol tapan şairlərin şeirləri səsləndiriləcək. Layihənin ilk nümunəsi Xalq şairi Süleyman Rüstəmin “Təbrizim” şeiri olub.

Paytaxtın Sabunçu rayon MKS-nin 2 nömrəli filialı nəğməkar şair Nüsrət Kəsəmənli haqqında videoçarx hazırlayıb. Videoçarxda şairin yaradıclığı haqqında məlumat verilib. Vurğulanıb ki, N.Kəsəmənli Azərbaycan poeziyasının parlaq simalarından biridir. “Sevgi şairi” adı ilə anılan şairin 150-dək şeirinə musiqi bəstələnib.

Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi kitabxanasının əməkdaşları ənənəvi oxucu-kitabxanaçı ünsiyyətini virtual layihələrlə davam etdirirlər. Bu sıraya kitabxananın əməkdaşlarının təqdim etdiyi “Mövzudan-mövzuya” adlı layihə də əlavə edilib. Layihə çərçivəsində yeni mövzularda hazırlanan məlumat xarakterli videoçarxlar və söhbətləri izləmək mümkün olacaq.

Nizami rayon MKS “Kitabxanaçı tövsiyə edir” layihəsi çərçivəsində dünya ədəbiyyatının dahilərindən olan ingilis dramaturqu Vilyam Şekspir haqqında videoçarx hazırlayıb. Videoçarxda bildirilir ki, 17 komediyanın, 11 faciənin və sonetlər silsiləsinin müəllifi olan Şekspirin “Hamlet”, “Otello”, “Romeo və Cülyetta”, “Maqbet”, “Kral Lir” kimi əsərləri dünya ədəbiyyatının inciləri sırasındadır.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon MKS-nin 3 nömrəli filialı şair, yazıçı, kinodramaturqu İlqar Fəhminin doğum günü ilə əlaqədar videoçarx hazırlayıb. İlqar Fəhmi 1975-ci il avqustun 18-da anadan olub. 1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi, Azərbaycan Televiziyasında yayımlanan “Məclisi-üns” ədəbi verilişinin aparıcı-redaktorudur.