UNESCO-nun mandatına aid olan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində gənclər arasında maarifləndirmə işinin xüsusi əhəmiyyəti var.
Bu fikir UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının təşəbbüsü və təşkilatçılığı ilə 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə keçirilən videokonfransda vurğulanıb.
Videokonfransda Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyanın baş katibi Elnur Sultanov çıxış edərək 1998-ci ildə Lissabonda keçirilmiş gənclərlə iş üzrə nazirlərin dünya konfransının tövsiyəsi əsasında BMT Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqustun Beynəlxalq Gənclər Günü elan edildiyini diqqətə çatdırıb. Səfir ölkəmizdə isə daha əvvəl – 1997-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününün təsis olunduğunu deyib.
Diplomat bildirib ki, bu il Beynəlxalq Gənclər Günü “Qlobal fəaliyyət üçün gənclərin cəlb edilməsi” mövzusuna həsr olunub. Bu günün UNESCO üzrə milli komissiyalar tərəfindən qeyd olunması təşkilatın dəyərlərinin təşviqində gənclərin rolunun vacibliyi barədə məlumatlılığı artırmağa xidmət edir.
E.Sultanov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən bəhs edərək, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini deyib. Diplomat Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan-UNESCO əməkdaşlığının genişləndirilməsində müstəsna xidmətlərini, gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində layihələrin həyata keçirilməsində önəmli dəstəyini vurğulayıb. Həmçinin Azərbaycanın uğurlarının xaricdə təbliği istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü əsasında gənclərin iştirakı ilə həyata keçirilən layihələrin əhəmiyyəti qeyd edilib.
Baş katib gənclərlə işin UNESCO-nun prioritetlərindən olduğunu bildirərək, bu sahədə qəbul olunmuş mühüm proqramlar barədə məlumat verib, proqramların icrasına ölkəmizdəki UNESCO-nun Assosiativ məktəblər şəbəkəsinin və UNESCO kafedralarının cəlb edilməsinin əhəmiyyəti vurğulanıb.
Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev ölkəmizdə həyata keçirilən gənclər siyasətinin tarixi, cari vəziyyəti və perspektivlərindən bəhs edib. O, hazırda virtual məkanda gənclərin aktiv olduqlarını, bir çox startap layihələrlə çıxış etdiklərini, ölkəmizin təbliği və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərdiklərini qeyd edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov gənclərin təhsili ilə bağlı görülən işlər, bu sahədə həyata keçirilən dövlət proqramları və UNESCO ilə əməkdaşlıq barədə məlumat verib, gənclərdə sülh mədəniyyəti, dözümlülük, multikulturalizm dəyərlərinin aşılanmasına əsaslanan təhsilin əhəmiyyətini diqqətə çatdırıb.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva yaradıcı sahələrdə gənclərin təşviq edilməsi ilə bağlı layihələr, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən gənclər üçün yaradılan imkanlardan, eləcə də musiqi, teatr, kinematoqrafiya sahəsində gənclərin əldə etdiyi uğurlardan bəhs edib, iqtisadi inkişafa töhfə verə bilən yaradıcı gənc nəslin formalaşması və birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə gənclərin informasiyaya çıxışının təmin edilməsi, onların texnoloji biliklərə yiyələnməsi, informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi, rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov səmərəli dövlət idarəçiliyi və inklüziv inkişafda gənclərin rolundan danışıb.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclər təşkilatlarının iştirakı ilə reallaşdırılan layihələr, eləcə də gənclərin xaricdə təhsilinə göstərilən dəstək barədə məlumat verib, gənclərin beynəlxalq təşkilatlarda təcrübə keçmələrinin vacibliyini vurğulayıb.
Azərbaycan UNESCO Klublarının koordinatoru Cahangir Hacıyev ölkəmizdə bu klubların fəaliyyəti, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova və Azərbaycan Tələbə-Gənclər Təşkilatı İttifaqının sədri Faiq Məmmədov müasir Azərbaycan gəncləri tərəfindən həyata keçirilən layihələr və gələcək planlardan bəhs edib.