Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “SABAH” qruplarının müəllimləri Rusiya Dövlət Teatr Sənəti İnstitutunun təşkil etdiyi onlayn ixtisasartırma kurslarında iştirak ediblər.
Təhsil Nazirliyindən bildirilib ki, yarım ay davam edən kurslar peşəkar aktyor, rejissor və teatr pedaqoqları üçün nəzərdə tutulub. ADMİU-nun müəllimləri kurs çərçivəsində Rusiya Dövlət Teatr Sənəti İnstitutunun rektoru Qriqori Zaslavski, Rusiyanın Xalq artisti, Dram rejissorluğu kafedrasının müdiri, professor İosif Rayhelhauz və bir sıra incəsənət xadimləri, görkəmli teatr pedaqoqlarının məşğələlərində iştirak ediblər.
Bununla yanaşı, aktyor sənəti, səhnə danışığı, səhnə hərəkəti və digər fənlərin onlayn tədrisinin daha keyfiyyətli təşkili üçün professor-müəllim heyəti ilə müzakirələr aparılıb.
ADMİU “SABAH” mərkəzinin təşəbbüsü ilə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə təşkil olunan ixtisasartırma kursunda iştirak edən müəllimlər təlimi uğurla başa vurduqları üçün sertifikat alacaqlar.
Qeyd edək ki, indiyədək praktiki dərslərin onlayn keçirilmə təcrübəsi olmadığı üçün bu ixtisasartırma kursları mövcud vəziyyətdən çıxış yolu kimi bir sıra məsələlərin həllinə müsbət təsir göstərəcək. Bununla əlaqədar, yeni təcrübələrin tətbiqi üçün avqust ayında Rusiya Dövlət Teatr Sənəti İnstitutunun ADMİU “SABAH” qrupları tələbələrinə onlayn dərslərinin keçirilməsi də nəzərdə tutulur.