Azərbaycan Kinematoqrafçılar İttifaqı müsabiqə elan edib

Qarabağ həqiqətlərinin beynəlxalq miqyasda səslənməsində kinematoqrafın oynaya biləcəyi müsbət rolu nəzərə alaraq, o cümlədən kinematoqrafiyamızda Qarabağ müharibəsinin yaşatdığı insan faciələrini tam dolğunluğu və realistik əksinin vacibliyini qeyd edərək, Azərbaycan Kinematoqrafçılar İttifaqı “Qarabağ. İnsan. Qələbə” tammetrajlı bədii film ssenarisi müsabiqəsi elan edib.

İttifaqdan bildirilib ki, müsabiqəyə təqdim edilən ssenarinin janrından asılı olmayaraq, Qarabağ müharibəsinin insan taleyi prizmasından ifadəsi, həm yerli, həm də xarici tamaşaçıya maraqlı olması arzuediləndir.

Ssenarilər noyabrın 22-dək Azərbaycan Kinematoqrafçılar İttifaqının Bakı şəhəri, Həsən Seyidbəyli 18 ünvanında yerləşən ofisinə təqdim edilməlidir. Ssenarinin hüquqları müəllifə məxsus, orijinal və ekranlaşdırılmamış olmalıdır.

Ssenarilər elektron (CD diskdə) və çap olunmuş variantda müəllif haqqında məlumatla (əlaqə telefonu və e-mail) birlikdə təqdim edilməlidir.

Müsabiqənin qalibi baş mükafat (diplom və 5000 manat pul), daha iki ssenari müəllifi həvəsləndirici mükafatla (hər biri 2500 manat) təltif ediləcək.

Qalib ssenari ekranlaşdırılmaq üçün Mədəniyyət Nazirliyinə tövsiyə ediləcək.

Məlumat üçün telefon: (012)5059533;   e-mail: info@aki.az