Əfsanəvi cazmen haqqında sənədli film təqdim olundu

Oktyabrın 25-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və “BP Azərbaycan” şirkətinin birgə layihəsi əsasında ərsəyə gətirilən “Mənim tanıdığım Vaqif” tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirildi.

Filmin nümayişindən öncə mətbuat konfransı keçirildi. BP-nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirdi ki, bu film təmsil etdiyi qurumun son illər reallaşdırdığı sosial və mədəni layihələrdən biridir. Şirkətin mədəniyyət sahəsinə mühüm önəm verdiyini söyləyən T.Bayatlı bildirdi ki, sənədli film Azərbaycanın və dünyanın dahi caz ustalarından biri olan və musiqi sənətində yeni bir janrın - caz-muğamın banisi Vaqif Mustafazadənin xatirəsinə həsr edilib. Vurğuladı ki, ekran əsərinə baxan hər bir kəs Vaqif Mustafazadəni yenidən kəşf edəcək və belə bir həmvətəninin olmasına görə qürur duyacaq.
Filmin ssenari müəllifi Füzuli Sabiroğlu bildirdi ki, Vaqif Mustafazadə haqqında bir sıra filmlər çəkilib. Bu dəfə isə Vaqif Mustafazadə sənətinə xaricdən baxış özünü göstərir. Filmdə Vaqifi tanıyan və onunla tez-tez ünsiyyətdə olan insanlar və böyük sənətkarın onlarda yaratdığı təəssüratlar yer alıb. Ekran əsərində elə insanlar var ki, Vaqifi görməsə də, onun sənət dünyasına valehedici təsirindən söz açırlar.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Türkan Rüstəmova son illər nazirlik tərəfindən həyata keçirilən bir sıra layihələrdən söz açdı. Qeyd etdi ki, filmin nazirliyin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi Bakı Caz Festivalı günlərində təqdimatı olduqca əlamətdardır.
Mətbuat konfransından sonra filmin təqdimat mərasimi keçirildi. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, dövlət və hökumət nümayəndələri iştirak edirdi.
Mərasimdə çıxış edən tanınmış teleaparıcı Rahib Azəri Vaqif Mustafazadənin həyat və yaradıcılığından danışaraq bildirdi ki, ölməz sənətkarın melodiyaları bu gün də musiqisevərləri, caz-muğam həvəskarlarını öz sehrinə salır.
BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrel filmin ərsəyə gəlməsindən danışdı: "Azərbaycanın uzunmüddətli neft və qaz tərəfdaşı kimi BP şirkəti burada fəaliyyətə başladığı ilk günlərdən bu ölkənin zəngin mədəni irsi ilə yaxından bağlı olub”. Qeyd etdi ki, budəfəki layihənin də maliyyələşməsindən qürur duyuruq: "Vaqif Mustafazadə dünyanın ən məşhur caz pianoçularından və bəstəkarlarından biridir. Bizə yaxşı məlumdur ki, bu qeyri-adi istedada malik görkəmli caz ifaçısı bütün dünyada yüksək rəğbət qazanıb. O, Azərbaycan muğamı və cazın fantastik sintezini yaratmağa nail olub. Ümid edirəm ki, bu film Vaqif Mustafazadənin möhtəşəm ifasının əbədiləşməsinə töhfə olacaq".
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev V.Mustafazadənin Azərbaycan caz musiqisinə verdiyi töhfələrdən danışdı. Bildirdi ki, Azərbaycanın adı caz musiqi aləmində Vaqif Mustafazadənin adı ilə daha çox tanındı. Nazir müavini filmin çəkilməsində zəhməti olan hər kəsə öz minnətdarlığını bildirdi.
Daha sonra “Mənim tanıdığım Vaqif” sənədli filmi nümayiş olundu.
Qeyd edək ki, rejissor Vidadi Rüstəmovun filmi Vaqif Mustafazadənin müasirləri olan, onun sənət irsinə, şəxsiyyətinə sevgi və rəğbət bəsləyən Rusiya, Gürcüstan, Estoniya, Polşa və Amerika caz ustalarının xatirələri üzərində qurulub. Sənədli filmdə Vaqif Mustafazadənin həyatının bəzi epizodları da anılıb və digər məşhur musiqiçilərin Azərbaycanın dünyada tanınan caz ifaçısı haqqında düşüncələri lentə köçürülüb.

Fariz







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar