Bu gün BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) başlıca məqsədi pandemiya dövründə fəaliyyətini dayandırmış beynəlxalq turizm sektorunun dirçəlməsidir.

Bu fikri Misirdə səfərdə olan Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili bildirib. O, bütün ölkələrdə, o cümlədən Misirdə turizm sektoruna sərmayələrin cəlb olunması üçün yeni layihələrin də həyata keçiriləcəyini bəyan edib.

Baş katib təqribən 320 milyard dollar zərərə uğrayan dünya turizm sektorunun fəaliyyətinin bərpasını ölkələrin iqtisadi inkişafında mühüm amil kimi xarakterizə edib. Misir Prezidenti Əbdülfəttah əl Sisi ilə görüşən Z.Pololikaşvili qeyd edib ki, pandemiyanın davam etdiyi bir şəraitdə turizm obyektlərinin yenidən fəaliyyətə başlaması üçün ciddi təhlükəsizlik tədbirləri görülməli, hotellərdə və tarixi məkanlarda mütəmadi dezinfeksiya işləri aparılmalıdır.

Dünya Turizm Təşkilatının baş katibi Misir Milli Muzeyini ziyarət edib, bəşər sivilizasiyasının beşiklərindən biri olan ölkənin tarixi-mədəni irsinə aid eksponatlarla tanış olub.