Onun səhnədə və ekranda yaratdığı hər bir obraz tamaşaçının yaddaşına əbədi olaraq yazılıb. O sanki canlandırdığı rolların taleyini yaşayırdı. Görkəmli aktyor, Xalq artisti, Dövlət mükafatı laureatı Məmmədrza Şeyxzamanov həm sənəti, həm də şəxsiyyəti ilə sənətsevərlərin böyük hörmətini qazanmışdı. Korifey aktyoru anadan olmasının 105 illiyi münasibətilə yada saldıq.

Məmmədrza İsa oğlu Şeyxzamanov 4 avqust 1915-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. İki yaşında ikən həyatın sərt üzü ilə qarşılaşır. Gözlənilmədən atası vəfat edir. Ailənin dolanışığı anası Böyükxanımın üzərinə düşür. O, bir müddət sonra toxuculuq fabrikində işə düzəlir. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Məmmədrzanın babası – Cümhuriyyət dövründə mühüm dövlət vəzifəsində çalışmış Nağı Şeyxzamanovun və yaxın qohumlarının repressiyaya məruz qalması ilə ailənin vəziyyəti daha da çətinləşir.

Məmmədrza Şeyxzamanov 1929-cu ildə ibtidai məktəbi bitirir və orta məktəbə daxil olur. İlk gündən şagirdlər arasında istedadı ilə seçilir. İctimai işlərdə yaxından iştirak edir. Həmin illərdən onda aktyorluq sənətinə həvəs özünü göstərir. Orta məktəbdə oxuya-oxuya teatr studiyasına daxil olur. 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə bu sənət ocağına dəvət edilir. İlk dəfə türk dramaturqu Əbdülhəq Hamidin “Hind qızı” tamaşasında kiçik rolda çıxış edir. Bu, onun professional teatr səhnəsinə doğru aparan yolda ilk uğuru olur. Teatrda işləyərkən aktyorluq sənətinin sirlərini mənimsəyir. “Vaqif” (Eldar), “Fərhad və Şirin” (Fərhad), “Yaşar” (İmamyar), “İki qardaş” (Yuri) və digər tamaşalarda yaddaqalan obrazlar yaradır. Səhnədə çıxışları alqışlarla qarşılanır. Ona daha mürəkkəb xarakterli rollar həvalə edilir.

Sənətdə püxtələşərək tanınan aktyorun sorağı paytaxta da gəlib çatır. 1954-cü ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayır. Araşdırmalarda qeyd edilir ki, görkəmli sənətkarın özünəməxsus səhnə və kino səsi olub. Müxtəlif xarakterli obrazların öhdəsindən bacarıqla gəlib. Xarici görünüşü, yüksək mədəniyyəti və təmkinliliyi ilə səhnədə və ekranda həmişə maraq doğurub.

Məmmədrza Şeyxzamanov 30 ilə yaxın çalışdığı Azərbaycan Dövlət Akademik Dram Teatrında Azərbaycan və dünya klassiklərinin əsərlərində müxtəlif xarakterli rolların uğurlu ifaçısı kimi tanınıb. Qacar, Xosrov (“Vaqif”, “Fərhad və Şirin”), İmamyar, Aydın (“Yaşar”, “Aydın”), Edqar (“Antoni və Kleopatra”), Hacı Həsən (“Ölülər”), İxtiyar (“İblis”) və başqa onlarla rolları ona teatr aləmində böyük şöhrət qazandırıb. Aydın diksiya və obraza girmək bacarığı onun yaradıcılığı üçün xarakterik əlamətlər olub.

Qayğıkeş sənətkar ağsaqqal məsləhətləri ilə insanların köməyinə gəlməkdən zövq alarmış. Oynadığı rollarda olduğu kimi, həyatda da sadə və təvazökar idi. Yüksək səmimiyyəti onu kollektivə daha çox sevdirirdi. O, Azərbaycan teatrında məktəb yaradan sənətkarlarımızdandır.

Məmmədrza Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə gəlir. “Bəxtiyar” filmində professor Rəcəbov roluna çəkilir.  Daha sonra bir-birindən maraqlı filmlərdə rol alır. “Qızmar günəş altında” Alı kişi, “Leyli və Məcnun”da Dərviş, “Bir qalanın sirri”ndə həkim Eldostu, “Onu bağışlamaq olarmı?” filmində polkovnik Qurbanov, “Qatır Məmməd”də Gəncə qubernatoru, “Nəsimi”də Şeyx Əzəm, “Tütək səsi”ndə İsfəndiyar kişi kimi obrazları tamaşaçıların yaddaşında dərin iz qoyub.

Görkəmli sənətkar “Böyük dayaq” filmində rayon Partiya Komitəsinin katibi roluna çəkilib. Hadisələrin inkişafından məlum olur ki, o, kolxoz sədri Rüstəm kişinin cəbhə dostudur və ona kömək etmək istəyir... Sonda Rüstəm kişinin düşmənlərini ortaya çıxarır. Amma ona da öz iradını bildirir, “Xalqa söykənmək lazımdır”, deyir. Sənətkar bu sözləri çox səmimi və yumşaq bir tərzdə ifadə edir. Onun bu ibrətamiz məsləhəti yaddaşlara həkk olunur. Elə qənaətə gəlirsən ki, o, əsl qəhrəmandır.

Hər dəfə “Ruhani” saz havasını eşidəndə “Tütək səsi” filmi yada düşür. Filmdə həyəcanlı şəkildə evinə qaçan, sonra da evdə sazı sinəsinə basıb bu məşhur saz havasını səsləndirən köhnə çuxalı müharibə dövrünün azərbaycanlı kişisini xatırladan İsfəndiyar obrazı göz önünə gəlir...

Müasirlərinin dediyinə görə, sənətkar uşaqla uşaq, böyüklə böyük kimi rəftar edərmiş. SSRİ Xalq artisti Adil İsgəndərov ona “Şeyx” deyə müraciət edərmiş. Unudulmaz sənətkar 24 yanvar 1984-cü ildə, 69 yaşında vəfat edib.

S.FƏRƏCOV