Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” bədii filmi ABŞ-ın Los-Anceles şəhərində keçirilən Asiya Dünya Film Festivalı (Asian World Film Festival) çərçivəsində sənətsevərlərə təqdim edilib.
Oktyabrın 24-də festivalın açılış filmi kimi nümayiş etdirilən film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə keçirilən nümayişdə Hollivud kino sənayesinin tanınmış nümayəndələri, “Oskar” və “Emmi” mükafatçıları, kinoprodüserlər, rejissorlar, aktyorlar iştirak ediblər. “Əli və Nino” filminə böyük ictimai maraq festival təşkilatçılarının ikinci kinozalı açaraq tamaşaçıların ixtiyarına verməsinə səbəb olub. Filmdə Əli rolunun ifaçısı Adam Bakri də mərasimdə iştirak edib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək ölkəmizin müasir tarixi, XX əsrdə iki dəfə müstəqillik əldə etməsi, müsəlman dünyasında ilk dünyəvi demokratik respublika qurması barədə danışıb. “Əli və Nino” əsərinin tarixi və mənəvi dəyərlərindən danışan diplomat bildirib ki, bu əsər nəinki iki gəncin ülvi məhəbbətindən, eləcə də Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən, ölkəmizin qədim tolerantlıq ənənələrindən bəhs edir.
Hər il “Qızıl qlobus” mükafatının sahiblərini müəyyənləşdirən nüfuzlu Hollivud Xarici Mətbuat Assosiasiyasının rəsmi tərəfdaşlar olduğu festivalın açılış filmi kimi “Əli və Nino” filminin seçilməsinin təqdirəlayiq hal olduğunu qeyd edən N.Ağayev vurğulayıb ki, bu, filmin yüksək keyfiyyətinin və dəyərinin bariz göstəricisidir.
Festivalın direktoru Corces Çemçoum isə çıxışında bildirib: "Festivalın açılışını "Əli və Nino" filminin nümayişi ilə açmağı qərara aldıq. Hesab edirik ki, bu film festivalın ruhunu və məqsədini özündə əks etdirir. Filmdə mədəniyyətlərindəki fərqlərə baxmayaraq iki gəncin sevgisindən bəhs olunur. Onların sevgi hekayəsi I Dünya müharibəsi və Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizəsi fonunda cərəyan edir”.
Qeyd edək ki, Asiya Dünya Film Festivalına 51 ölkədən ekran əsərləri təqdim olunub. Burada Asiya ölkələrinin müxtəlif mədəniyyətini özündə əks etdirən filmlər nümayiş olunur.
Festivalın münsifləri ABŞ, Böyük Britaniya, İtaliya, Rusiya, Yeni Zelandiya, İordaniya və Nigeriyadan kino mütəxəssisləridir. Qaliblərin adları noyabrın 1-də elan ediləcək və "Dağ aslanı" (“The Mointain Lion”) mükafatı təqdim olunacaq.

İlona Qubadova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar