Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivala qatılıb
Dağıstan Respublikasının (Rusiya Federasiyası) Mahaçqala şəhərində “Dağlılar” Beynəlxalq Folklor və Ənənəvi Mədəniyyət Festivalı keçirilib.
7-15 avqust tarixində Rusiyanın Mədəniyyət Nazirliyi, V.D.Polenov adına Rusiya Dövlət Xalq Yaradıcılığı Evi, Dağıstan Mədəniyyət Nazirliyinin təşkilatçılığı və UNESCO-nun himayəsi altında gerçəkləşən festivalda Rusiyanın müxtəlif vilayətlərindən professional rəqs kollektivləri iştirak ediblər. Festivala, həmçinin Azərbaycan, Hindistan, İtaliya, İran, Meksika, Serbiya və Slovakiyanın folklor kollektivləri virtual şəkildə qatılıb. Tədbir yerli televiziya kanalları və “Youtube” vasitəsilə yayımlanıb.
Festivalda ölkəmizi F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı təmsil edib. Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan sərt karantin şərtləri altında qısa vaxt ərzində ansamblın direktoru, Əməkdar mədəniyyət işçisi Elçin Abbasov, bədii rəhbəri, Xalq artisti Ağaverdi Paşayev və baletmeyster, Əməkdar artist Ceyhun Qubadovun kollektivlə birgə gərgin əməyi sayəsində hazırlanan repertuar festivalda yüksək qiymətləndirilib. Ansamblın ifasında Üzeyir Hacıbəylinin “Cəngi”, Rauf Hacıyevin “Azərbaycan”, habelə “Qavalla rəqs” və “Yallı” rəqsləri böyük maraq doğurub.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı xalqımızın etnomədəni irsinin qorunmasına və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə festivalın xüsusi diplomu ilə təltif olunub.