İspaniyanın “Patrimonio Actual” internet portalında Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin həyat və yaradıcılığından bəhs edən geniş məqalə dərc olunub.

Məqalədə Qara Qarayevin yalnız Azərbaycan klassik musiqisinin deyil, ümumilikdə dünya klassik musiqi sənətinin görkəmli nümayəndəsi olduğu, tanınmış bəstəkarın zəngin tarixə malik Azərbaycan musiqi irsinin ənənəvi klassik musiqi ilə son dərəcə ahəngdar vəhdətini özündə əks etdirən əsərlərin müəllifi olduğu qeyd edilib.

Diqqətə çatdırılıb ki, Qara Qarayevin bəstəkar kimi formalaşmasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli, habelə böyük rus bəstəkarı Dmitri Şostakoviç əhəmiyyətli rol oynayıblar. Ensiklopedik biliyə, geniş dünyagörüşünə, fəlsəfi sintezə, geniş erudisiyaya malik bəstəkar Q.Qarayev musiqi elminin inkişafına əhəmiyyətli töhfə verib.

Öz yaradıcılığında musiqiyə yeniliklər gətirmək prinsipini, “molto accelerando e crescendo” musiqi terminini əsas götürən görkəmli bəstəkar ona şöhrət qazandıran “Üçüncü simfoniya”, “Çılğın qaskoniyalı”, “Don Kixot” simfonik əsərlərinin, “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərinin, “Leyli və Məcnun” simfonik poemasının müəllifidir. Q.Qarayevin əsərlərinin ədəbi mövzusu çox geniş və çoxşaxəlidir. Nizami Gəncəvi, Səməd Vurğun, Rəsul Rza ilə yanaşı, Şekspir və Servantes, Puşkin və Ömər Xəyyamın əsərlərinin qəhrəmanları tanınmış bəstəkarın yaradıcılıq nümunələrində özünəməxsus yer tutur.

Böyük rus şairi Puşkinin Şekspir haqqında dediyi “Şekspirin şahzadə Hamlet, venesiyalı Otello və ya veronalı gənc Romeo və Cülyetta barədə yazmasından asılı olmayaraq, o bütün əsərlərində öz xalqına məxsus motivləri qoruyub saxlamışdır” ifadəsini Qara Qarayevə də şamil etmək olar. Qara Qarayevin müxtəlif xalqların həyatı barədə əsərlərini dinlədikdə tanınmış bəstəkarın Azərbaycan milli musiqi folkloruna bağlılığı aydın şəkildə özünü büruzə verir.

Məşhur sovet musiqi nəzəriyyəçisi L.Mazel müasir musiqinin inkişafında əhəmiyyətli xidmətləri olmuş sənətkarlardan bəhs edərkən Corc Gerşvin, İsaak Manuel Fransisko Albenis, Manuel de Faya, Bela Bartok, Heitor Villa-Lobos, Ralf Von Vilyams kimi bəstəkarların sırasında Qara Qarayevin də adını qeyd edib.

Məqalənin sonunda Qara Qarayevin “Don Kixot” və “Ehtiraslı qızın rəqsi” simfonik əsərlərinin ifasının videoyazıları yerləşdirilib.