Amma hələlik ibtidai siniflər üçün

Koronavirus səbəbindən mart ayından fəaliyyətini dayandıran təhsil müəssisələrini işinin qarşıdan gələn yeni tədris ilində necə bərpa olunacağı günün ən aktual mövzularındandır.

Təhsil naziri Emin Əmrullayev avqustun 27-də Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bu xüsusda bir sıra məsələlərə qismən aydınlıq gətirdi. Sual doğuran məsələlər də çoxdur ki, onların əksəriyyəti COVİD-19 pandemiyasının bundan sonra necə davam edəcəyindən və bizim necə davranacağımızdan asılıdır.

Nazir Emin Əmrullayev öncə diqqətə çatdırdı ki, pandemiyanın sardığı dünyanın hələlik 55 ölkəsində məktəblərin açılacağı elan olunub. Qalan ölkələrdə isə bu yöndə hələ müzakirələr gedir. Azərbaycana gəlincə...

Təhsil naziri bildirdi ki, sentyabrın 15-dən həftədə 2-3 dəfə olmaqla, ümumtəhsil məktəblərinin ibtidai siniflərində (I-IV) tədrisin başlaması nəzərdə tutulub. I sinif şagirdlərinin həftədə 3, digər siniflər şagirdlərinin isə, aktiv xəstələrin sayı çox olarsa, həftədə 2 dəfə dərsə gəlməsi təklif edilib. Təbii ki, son qərar Operativ Qərargah tərəfindən veriləcək. Təklif qəbul olunsa, ibtidai siniflərdə təhsil alan 650 min uşaq dərsə gedəcək. Bu qrupun 257 min nəfəri Bakı, Sumqayıt və Abşeronun payına düşür. Amma koronavirusa yoluxanların sayında da əsas pay bu ərazilərdədir.

Sentyabrın 15-də yuxarı sinif şagirdləri onlayn tədrisə başlayacaqlar. Təhsil naziri bildirib ki, zamanla bu siniflərdə təhsil alan şagirdlər üçün də ənənəvi təhsil bərpa olunacaq. Oktyabrın 1-dən etibarən 5-9 siniflər, oktyabrın 15-dən etibarən isə 10-11 sinif şagirdlərinin ənənəvi təhsilinin bərpası nəzərdə tutulur.

Xüsusi karantin rejimi dövründə Təhsil Nazirliyi tərəfindən teledərslər və “Virtual məktəb” layihələri davam etdiriləcək. Təhsil naziri bildirib ki, bəzi valideynlər uşaqlarını məktəblərə göndərmək istəmirlər. Bu valideynlərlə xüsusi razılaşma əldə olunacaq. Məktəbə gəlməyən şagirdlər valideynlərin nəzarəti ilə teledərsləri izləyəcəklər və “Virtual məktəb”də tədrisə qoşulacaqlar.

Nazirin bildirdiyinə görə, ölkədə ümumilikdə fəaliyyət göstərən 4439 məktəbdən 182-sində 1500 və ya daha çox şagird təhsil alır. 53 faiz və yaxud 2335 məktəbdə şagird sayı 200 nəfərdən  azdır. Qalan 47 faiz və ya 2104 məktəbdə isə şagird sayı 200 nəfərdən çoxdur: “Yəni ümumilikdə şagird sıxlığı ilə bağlı ölkə səviyyəsində elə də ciddi problemlə üzləşəcəyimizi düşünmürük. Amma bununla bağlı daha detallı təhlilə baxsaq, cəmi 338 sinifdə  şagird sayı 40-dan yuxarıdır. Bunlar bizə problemli siniflər kimi görünür, o mənada ki, bu siniflərdə şagirdlərin 2-yə və ya 3-ə bölünməsi məsələsi var”.

Məktəbəhazırlıq qruplarında 120 min şagird oktyabrın 1-dən dərslərə başlayacaq. Məktəbəhazırlıq qruplarında uşaqlar həftədə 6 saatlıq (həftədə 2 gün 3 saat olmaqla) tədris planı əsasında tədrisə cəlb olunacaq.

Uşaq bağçalarının sentyabrın 15-dən etibarən mərhələlərlə fəaliyyətə başlaması planlaşdırılır.

Xüsusi məktəblər və ya internat tipli müəssisələrin də uşaq bağçaları formatında sentyabrın 15-dən oktyabrın 1-nə qədər müvafiq plan əsasında mərhələli şəkildə açılması nəzərdə tutulur.

Məktəb binasına daxil olarkən həm müəllimlərin, həm də şagirdlərin hərarəti ölçüləcək, tibbi maskalardan istifadə olunacaq, sosial məsafə gözləniləcək, mütəmadi olaraq dezinfeksiya işləri görüləcək.

Ali və orta ixtisas təhsili müəssisələrində isə, tələbələrin yüksək hərəkətlilik və yoluxma riskləri nəzərə alınaraq, hələlik tədris distant formada olacaq. Amma 1-ci kurs  tələbələri qəbul olunduqları ali təhsil müəssisəsinə gələ biləcəklər.

Peşə təhsili müəssisələrində tədris məzmununun məsafədən (“Virtual məktəb” və teledərslər vasitəsilə) çatdırılacaq. Bununla yanaşı, peşə təhsilində bacarıq və təcrübələrin formalaşmasını tələb edən məşğələlər müvafiq şərtlərə əməl edilməklə, ənənəvi formada təhsil müəssisələrində keçiləcək.

Nazirin sözlərinə görə, təhsil müəssisələrində xüsusi risk qrupuna daxil olan müəllimlər əməkhaqqı saxlanılmaqla tədrisdən uzaqlaşdırılacaq. Həmin müəllimlər digərləri ilə əvəz olunacaqlar: “Belə bir qərar almaqda məqsədimiz müəllimlərimizin sağlamlığının qayğısına qalmaqdır”.

Özəl təhsil müəssisələrində dərs deyən xarici müəllimlərin ölkəyə gəlməsi üçün isə Operativ Qərargaha və Təhsil Nazirliyinə müraciət edilməlidir. Özəl təhsil müəssisələri bu müəllimlərin ölkəyə gəlmələri üçün müraciət edərkən zəruri səbəbləri aydın şəkildə göstərməlidirlər.

Onlayn tədris zamanı regionlarda kompüter və ya internetlə bağlı yaranan problemə münasibət bildirən Emin Əmrullayev deyib ki, burada 1 milyon 600 min təhsil alandan və 200 min təhsil verəndən söhbət gedir: “Bunlar yalnız ümumtəhsil sisteminə aid rəqəmlərdir. Onlar Azərbaycanın müxtəlif bölgələrində, bəzi hallarda dəniz səviyyəsindən 2000 metrdən yüksək olan dağlıq ərazilərdəki məktəblərdə təhsil alırlar. Biz başa düşürük ki, ölkədə internet və onlayn təhsil keyfiyyət baxımından daha yaxşı ola bilər”.

Nazir deyib ki, bu sahədə problemlərin həlli üçün uyğun addımlar atmağa çalışırıq. İlk dövrdə özəl şirkətlərlə qurulan əməkdaşlıq şəraitində 30 min, daha sonra 10 min müəllimə internet paketləri verilib.

Yeri gəlmişkən, “Microsoft Teams” platforması Azərbaycan dilinə tərcümə olunur.

Bunu isə brifinqdə Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib. O bildirib ki, bununla bağlı “Microsoft Teams” şirkətinə müraciət olunub və artıq tərcümə prosesi gedir. Yay aylarında isə şirkət tərəfindən 30 min istifadəçiyə proqramdan istifadə qaydaları ilə bağlı təlim keçilib.