Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı Müdafiə Nazirliyi ilə birgə vətənpərvərlik mövzusunda “Mən də əsgərəm” mahnı müsabiqəsi elan edib.

Avqustun 27-dən sentyabrın 15-dək davam edəcək müsabiqəyə vətənpərvərlik, hərbi-vətənpərvərlik və qəhrəmanlarımızın həyatından bəhs edən əsərlər, həmçinin marşlar təqdim edilə bilər.

Müsabiqədə iştirak və qeydiyyatdan keçmək istəyənlər medeniyyettv@aztv.az elektron ünvanına öz əsərlərinin yüksəkkeyfiyyətli audio və video versiyasını, şəkil və qısa yaradıcılıq xülasəsini göndərə bilərlər. Əsərlər daha öncə heç bir kütləvi informasiya vasitəsində və tədbirdə səslənmiş olmamalıdır. Müsabiqədə yalnız musiqi təhsili olan şəxslər iştirak edə bilər.

Müsabiqədə qalib olan şəxslər əsərini təqdim edərkən klavir, eyni zamanda hərbi orkestr və ya kiçik estrada heyəti üçün yazılmış partitura və partiyaları təqdim etməlidir.

Müsabiqəyə qeydiyyat yalnız onlayn şəkildə aparılır. Ətraflı məlumatı (012)4921458 əlaqə telefonu və (050)4921458 mobil telefon nömrəsinə “WhatsApp” vasitəsilə müraciət etməklə öyrənmək mümkündür.

Qalib olan əsərlər Müdafiə Nazirliyinin Əlahiddə nümunəvi hərbi orkestrinin ifasında səslənəcək və “Mədəniyyət” kanalında təbliğ olunacaq.