COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycanda mart ayında elan edilən xüsusi karantin rejimi daha bir ay uzadıılıb. Azərbaycan Respublikasi Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, pandemiya vəziyyətinin hələ də qeyri-qənaətbəxş olduğu nəzərə alınaraq, Azərbaycan Respublikasının ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.

Bununla yanaşı, virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır. Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi məhdudiyyətlər daha bir ay davam edəcək.

Beləliklə, Nazirlər Kabinetinin 311 №li Qərarına əsasən sərtləşdirilmiş xüsusi karantin rejiminin yalnız Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunda 2020-ci ilin sentyabrın 30-dək tətbiqi nəzərdə tutulur.

Eyni zamanda, 5 avqustdan başlanan tədrici yumşalmaların sırasına daha bir neçə fəaliyyət sahəsi əlavə olunub.

31 avqust saat 06.00-dan muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur (Qərara əsasən fəaliyyətinə icazə verilən muzey və sərgi zallarının fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunmalıdır).

Fərdi, qrup halında tədris və repetitor xidmətlərinin fəaliyyətinə icazə verilir (10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən məşğələlər istisna olmaqla).

Bakı Metropoliteni daha 15 gün – 2020-ci ilin sentyabrın 15-dək işləməyəcək.

Həmçinin şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması ilə bağlı qadağa daha bir ay davam edəcək.

 

Beləliklə, 2020-ci il:

5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək;

12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək;

19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək;

26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Nazirlər Kabinetinin 312 №li Qərarı ilə xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən qrafik müəyyənləşib.

Məktəbəqədər təhsil müəssisələrində – 2020-ci il sentyabrın 15-dən;

 

Ümumi təhsil müəssisələrində:

- ümumi təhsilin ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə – 2020-ci il sentyabrın 15-dən;

- xüsusi məktəblərdə, xüsusi internat məktəblərində, ümumtəhsil internat məktəblərində, inteqrasiya təlimli internat tipli təhsil müəssisələrində, inteqrasiya təlimli internat tipli gimnaziyalarda, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəblərində – 2020-ci il sentyabrın 15-dən;

- ümumi təhsilin məktəbəhazırlıq mərhələsi (5 yaş) üzrə – 2020-ci il oktyabrın 1-dən;

- ümumi təhsilin ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə – 2020-ci il oktyabrın 1-dən;

- ümumi təhsilin tam orta təhsili səviyyəsi (X-XI siniflər) üzrə – 2020-ci il oktyabrın 15-dən.

 

Peşə təhsili müəssisələrində:

- qısamüddətli kurslar üzrə – 2020-ci il oktyabrın 1-dən;

- peşə təhsilinin bütün səviyyələri üzrə – 2020-ci il oktyabrın 15-dən.

 

Ali və orta ixtisas təhsili müəssisələrində:

- I kurs tələbələri üçün – 2020-ci il oktyabrın 1-dən;

- II və yuxarı kurs tələbələri üçün siyahısı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla və hər bir ixtisasın xüsusiyyəti nəzərə alınmaqla təhsil müəssisələrinin müəyyən etdiyi ixtisaslar üzrə – 2020-ci il oktyabrın 15-dən;

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində yaş qruplarından və siniflərdən asılı olaraq Qərarın 1.2-ci bəndində göstərilən tarixlərdə tədris prosesi başlanır.

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasında təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydalarını 10 gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Qərarın qüvvədə olduğu müddətdə təhsilalanların və təhsilverənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsi təxirə salınır.