Nazirlər Kabineti yanında Operativ Qərargahın sentyabrın 1-nə olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb, 130 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36578 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33977 nəfər müalicə olunaraq sağalıb, 536 nəfər vəfat edib, aktiv xəstə sayı 2065 nəfərdir.

Son sutka ərzində 6597, ötən müddət ərzində isə ümumilikdə 928 666 test aparılıb.

Qeyd edək ki, son həftələr gündəlik yoluxma sayı nisbətən az olsa da, 22 avqustdan başlayaraq mənfi dinamika (yoluxma sayının sağalanlardan çox olması) müşahidə edilir. Bu müddətdə yalnız 31 avqustda yoluxma sayı (126) sağalananlardan (144) az olub.