Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyən abituriyent, tələbə və onların valideynlərini seçim edərkən daha diqqətli olmağa çağırır.

Nazirlikdən verilən məlumatda bildirilir ki, əvvəlki illərin təcrübəsi bu sahədə vasitəçi şirkətlərin xidmətlərindən istifadə edən bir çox vətəndaşlar çətinlik və mənfi hallarla üzləşdiyini göstərir.

“Belə hallarla rastlaşmamaq üçün vətəndaşlara, təhsil müəssisəsini və tədris proqramını (ixtisası) seçməzdən öncə müstəqil olaraq, birbaşa həmin təhsil müəssisəsinin özünə müraciət edərək (rəsmi internet səhifəsi vasitəsilə), qəbul şərtləri, təhsil haqqı, yaşayış xərcləri və digər tələblər barədə ətraflı məlumat əldə etməyi tövsiyə edirik.

Eyni zamanda xaricdə təhsil və xaricdə əldə olunmuş ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı diqqət yetirilməli olan əsas məqamlara, bakalavriat və magistratura ixtisasları arasında uyğunluq olması və s. məlumatları özündə əks etdirən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (tkta.edu.az) müvafiq bölmələri ilə tanış ola bilərsiniz. Xüsusi olaraq vurğulanmalıdır ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma (nostrifikasiya) prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə məsuliyyət daşımır”, – deyə məlumatda bildirilir.

Qeyd olunan məsələlərlə bağlı vətəndaşlar Təhsil Nazirliyinin “qaynar xətt” xidməti (146-1) ilə əlaqə saxlaya bilərlər.