Bu gün həyatın özü kimi onun kiçildilmiş forması olan teatrın da işi çox çətindir. Bir növ yaşamaq uğrunda mübarizə mövqeyində olan teatr da ona meydan oxuyan müasir texnologiya, süni intellektlə inadkar savaşdadır. Ümumən ənənəvi teatr forma və üslubları ətrafında gəzişmələr hər zaman olub və bu mənada istənilən eksperimentə açıq olmaq lazımdır. Ən azı ona görə ki, teatr “burada və indi” prinsipi ilə yaşayır və canlı orqanizm kimi daim hərəkətdə olmalıdır.
Tarixə baxsaq görərik ki, uzun müddət teatr sənəti praktiki olaraq dəyişməz qalıb və bütün hadisələr komediya, faciə və dram janrları ətrafında cərəyan edib. Lakin kino, video oyunlar və internetin yaranması ilə teatr adamları, xüsusən də rejissorlar tamaşaçılarla ünsiyyət üçün yeni bir dil axtarmağa başladılar. Beləcə, istehsal etdikləri və satdıqları məhsula daha fərqli yanaşmağa başladılar. Bu, bir növ bazar iqtisadiyyatının qarşıya qoyduğu real tələb idi ki, adekvat reaksiya verənlər iqtisadi münasibətlərini rahatca tənzimlədilər. Bütün hallarda burada heç qeyri-adi bir iş də tələb olunmurdu: sintetik sənət olan teatrın inteqrasiya arealını bir az da genişləndirmək lazım idi. Aşağıda qeyd edəcəyimiz əsas çağdaş teatr meyllərindən də göründüyü kimi, vahid məram tamaşaçı ilə qırılmaqda olan oyun əlaqəsini qorumaq və onu prosesdə saxlamaqdır.
Sənədli teatr
Sənədli teatrda tamaşalar real hadisələrə əsaslanır. Dramaturqlar qeyri-bədii mətndən reportajlar, məktublar, gündəliklər, transkriptlər və məqalələri pyeslər üçün material kimi istifadə edirlər. Müəlliflər ətraf aləmi operativ və real şəkildə göstərməyə çalışırlar. Buna görə də konkret faktlara və şahid ifadələrinə etibar edirlər. Bu janrın pyeslərində bədii təsvir və şərh üçün yer yoxdur. Tamaşaçı birbaşa fakt ilə qarşı-qarşıya qalır və kənar təsvirlər də sırf bu prosesi qüvvətləndirir.
Sənədli teatrın ən populyar üsullarından biri latın dilindən tərcümədə “sözün əsl mənasında” anlamını verən verbatimdir ki, rejissorlar daha çox bu formanı tətbiq edirlər.
Sənədli teatr alman teatr rejissoru Ervin Piskatorun adı ilə bağlı olsa da, bu gün fərqli teatr estetikalarında bu meylin səpələnmiş formalarını görə bilirik. Hazırda bu cür tamaşaların əsas mövzuları müharibə və münaqişələr, siyasi və sosial problemlərdir. Rejissorlar feminizm, din azadlığı, irqi dözümsüzlük, immiqrasiya, terrorizm və s. kimi bəşəriyyəti narahat edən mövzulara məhz sənədli teatrın dilində toxunurlar.
İmmersiv teatr
İngilis dilindən tərcümədə “varlıq effektini yaratmaq” mənasını ifadə edən immersiv teatr da geniş yayılmaqdadır. Bu janrda rejissorlar üçün ən başlıca amil tamaşaçını fasiləsiz hərəkətdə müşayiət etmək, daha çox onu iştirakçıya çevirməkdir. Bu zaman ziyarətçilər rekvizitləri götürmək, aktyorlarla danışmaq, hətta hadisələrin başvermə prosesini seçməklə müdaxilə imkanı qazanırlar. Aktyorlar özləri də qonaqla birgə tamaşanın yaradılmasında iştirak edirlər. Bəzən immersiv tamaşalarda hər biri müəyyən bir yerdə inkişaf edən bir neçə hekayə xətti olur. Tamaşaçılara isə seçim imkanı verilir. Buna görə şouya ikinci və ya üçüncü dəfə gələn qonaqlar fərqli bir yerdə yeni bir hekayəni izləyə bilərlər. Bu, rejissorları səhnə sahəsini yenidən düşünməyə, fərqli axtarışlara sövq edir. Axı çıxışlarda auditoriya yoxdur və bütün hadisələr qonaqlar arasında baş verir. Bundan əlavə, bu cür tamaşalar çox vaxt ənənəvi teatr binasında deyil, qeyri-adi yerlərdə – köhnə bir malikanədə və ya tərk edilmiş fabrikdə keçirilir.
Plastik teatr
Dram və xoreoqrafiya plastik tamaşalarda bir-birinə bağlıdır. Rəqslə yanaşı, rejissorlar pantomima, üslublu döyüş sənəti, kölgə teatrı, akrobatik və sirk tamaşalarından, ümumən hərəkətlə əlaqəli hər şeydən istifadə edirlər. Bəzən bu tamaşalar ümumən sözsüz olur və hərəkət nitqin də işini görür. Burada əsas ifadə vasitələri insan orqanizminin və ritminin plastikliyidir. Hazırda bu janrın törəməsi, ən çağdaş təzahür forması kimi plastik əsasında hazırlanan performans, müasir rəqs, şou-balet tamaşalarını qeyd etmək olar.
Rəssam teatrı
Bu janrın tamaşalarında əsas diqqət vizual dizayna yönəldilmişdir. Kostyumlar, bəzək əşyaları, rekvizitlər hərəkətin müstəqil iştirakçılarına çevrilir və işin əsas mahiyyətini ifadə edir. Səhnə quruluşundan əlavə, rejissorlar bəzən installyasiyalardan və hərəkətlərdən ifadə vasitəsi kimi istifadə edirlər. Belə tamaşalarda mətn ikinci plana keçir və tamaşaçı bütünlükdə xarici estetikaya “çağırılır”.
Ümumilikdə post-dramatik teatra meydan oxumaq, ona alternativ olduğunu isbat etməyə çalışan rəssam teatrı və digər meyllərin əsas prinsipi dolğun vizuallığı təmin etmək və tamaşaçını az mətnlə dolğun təsvirə cəlb etməkdir.
Ənənəvi teatrın quruluşçu rəssamı missiyasını icra edən yaradıcı şəxsdən daha artıq qüvvə istəyən bu tamaşalarda quruluşçudan iştirakçıya bütünlükdə ansamblın əsas qayəsi təsvirin orqanikliyini təmin etməyə səfərbər olmaqdır.
Bir aktyorun teatrı
Bir aktyor teatrı və ya birnəfərlik şou, adından da göründüyü kimi, tək ifaçının oyunudur. Bu cür tamaşalarda ümumiyyətlə, minimum səhnə effektləri, bəzək əşyaları və musiqi məzmunu olur. Ancaq bu, tamaşanın yalnız bir şəxs tərəfindən qurulduğunu ifadə etmir. Təbii ki, burada rejissorlar, dramaturqlar, quruluşçu dizaynerlər və bəstəkarlar birlikdə çalışır və komanda olaraq bir fərdin yaradıcılıq təqdimatını təmin edirlər.
Solo tamaşanın rejissoru istər konkret pyes, istərsə də fərqli mətnlərdən yığcam oyun da təşkil edə bilər. Təbii ki, bir aktyorun oyun texnikası çərçivəsində. Nəzərə alaq ki, bu kimi tamaşalarda mətn ilə xoreoqrafiya vəhdət təşkil etməzsə, aktyor oyunu söz yığınından başqa bir şey olmayacaq.
Sadalanan meyllərdən savayı bu gün geniş yayılmaqda olan süni intellekt, aktyoru robota çevirən texnogen teatr istiqamətləri də mövcuddur. Təbii ki, hər yaranan üslubun bir ənənəsi olsa da, ümumi söykənəcək yeri yenə də ənənəvi teatrdır.
Odur ki, bütün hallarda tamaşaçının seçim etmək və öz mənəvi tələbatını bir də səhnə estetikasında zənginləşdirməklə ödəmək imkanı var. Əsas odur ki, yaxşı tamaşa və ona baxacaq tamaşaçı olsun. Ən əsası isə odur ki, aylarla bizi teatrdan, teatr səhnəsini yaradıcı kollektivdən uzaq salmış bu pandemiya, nəhayət, bitsin...
HƏMİDƏ