Azərbaycan Televiziyasının Bədii və sənədli filmlər studiyasında poeziyamızın klassiki, görkəmli şair və mütəfəkkir Xaqani Şirvaninin həyatı və zəngin ədəbi irsinə həsr edilən yeni sənədli, tammetrajlı filmin çəkilişlərinə başlanılıb.
Bu barədə filmin ssenari müəllifi, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov məlumat verib. Akademik bildirib ki, çəkilişlər Ədəbiyyat Muzeyində, muzeyin Xaqani Şirvani adına Aran regional filialında, eləcə də böyük şairin həyat və yaradıcılığının mühüm hissəsinin cərəyan etdiyi Şamaxı, Gəncə və Təbriz şəhərlərində aparılacaq.
Xaqani Şirvaninin ömür yolundan bəhs edən tammetrajlı filmi müxtəlif illərdə Azərbaycan rəssamlarının şairin həyat və fəaliyyətinə həsr etdikləri tablolar, heykəltəraşlıq nümunələri, tanınmış xaqanişünas alimlərin bu yaradıcılığa verdiyi qiymətlər, dünya kitabxanalarında, eləcə də Azərbaycan əlyazma xəzinələri və arxivlərində şairin ədəbi irsini əks etdirən əlyazmalardan nümunələr, miniatürlər müşayiət edəcək.
Rafael Hüseynov film çəkilişlərinin ilin sonunadək tamamlanmasının nəzərdə tutulduğunu deyib. Sənədli filmə Azərbaycanın Xalq artisti, bəstəkar Siyavuş Kərimi musiqi bəstələyir.
Qeyd edək ki, ekran əsərində Azərbaycanın teatr və kino aktyorlarının ifasında Xaqani Şirvaninin ömür yolunun ayrı-ayrı məqamlarını əks etdirən səhnələşdirmələr də yer alacaq.