Əqli Mülkiyyət Agentliyi V.Hovanissian-E.Gültekin cütlüyünə plagiatla bağlı etiraz məktubu göndərib

Dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun vərəsələri Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə müraciət edərək, onun “Kor ərəbin mahnısı” əsərinin musiqisinin Belçikada yaşayan Vardan Hovanissian və Emre Gültekin tərəfindən mənimsənildiyini və “Houcher” adı altında “Karin” musiqi albomuna daxil edilərək “Youtube” kanalında yayıldığını bildirib və müəllif hüquqlarının qorunması ilə bağlı tədbir görülməsini xahiş ediblər.

Əqli Mülkiyyət Agentliyinin ekspertləri tərəfindən aparılmış müvafiq araşdırma nəticəsində müəyyən edilib ki, V.Hovanissian (balaban) və E.Gültekin (saz) tərəfindən ifa edilərək “Karin” musiqi albomuna daxil edilən, həmçinin “Youtube” kanalında yerləşdirilən “Houcher” adlı musiqi əsəri (əsərin bəstəkarları kimi V.Hovanissian və E.Gültekin göstərilib) Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin musiqisi ilə üst-üstə düşür. Bu isə o deməkdir ki, “Houcher” musiqi əsəri plagiatdır və F.Əmirovun əsərinin adı dəyişdirilərək təhrif edilib, bəstəkarın müəllif hüquqları kobud şəkildə pozulub.

Bununla yanaşı, hər iki ifaçı tərəfindən www.bandcamp.com saytında yerləşdirilmiş “Karin” musiqi albomuna daxil edilmiş əsərlər haqqında verilən məlumatda Fikrət Əmirovun adı göstərilməyib, “Kor ərəbin mahnısı” əsəri isə təhrif olunmuş “Houcher” adı ilə folklor nümunəsi kimi təqdim edilərək, aranjimançı kimi V.Hovanissian və E.Gültekin göstərilib və bununla müəllifin şəxsi hüquqları pozulub. Digər tərəfdən, “Karin” musiqi albomu www.bandcamp.com saytında kommersiya məqsədilə yerləşdirildiyindən F.Əmirovun əmlak hüquqları da pozulub.

“Houcher” musiqi əsəri haqqında verilən məlumatlardakı uyğunsuzluq (özlərini bir halda müəllif-bəstəkar, digər halda aranjimançı kimi təqdim edirlər) da bir daha sübut edir ki, bu “bəstəkar-aranjimançılar” Azərbaycan bəstəkarının məşhur əsərini öz adlarına çıxıblar.

Bu hərəkətlər milli qanunvericiliyin müddəaları ilə yanaşı, həm də Azərbaycan və Belçikanın üzvü olduğu Dünya Əqli Mülkiyyət Təşkilatını təsis edən Konvensiyanın 3-cü maddəsinin tələbinin, həmçinin “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının, təşkilatın “Müəlliflik hüququna dair Müqavilə”sinin və “İfalar və fonoqramlara dair Müqavilə”sinin müddəalarının pozulmasıdır.

Əqli Mülkiyyət Agentliyi diqqətə çatdırır ki, “Kor ərəbin mahnısı”nın musiqisi Fikrət Əmirov tərəfindən 1956-cı ildə Azərbaycan Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş Hüseyn Cavidin “Şeyx Sənan” dramı üçün yazılıb. Musiqi sonralar bir sıra Azərbaycan musiqi nəşrlərinə, o cümlədən F.Əmirovun 1957-ci ildə çap olunmuş “Kor ərəbin mahnısı”, 1977-ci ildə çap olunmuş “Mahnı (fortepiano ilə oxumaq üçün)” nəşrlərinə də daxil edilib.

Mahnı, həmçinin 1961-ci ildə çəkilmiş “Korun mahnısı” adlı qısametrajlı bədii filmdə Məmmədəli Əliyev tərəfindən səsləndirilib. Bu mahnı Azərbaycanın məşhur ifaçılarından Şövkət Ələkbərova, Rəşid Behbudov, Alim Qasımov və başqaları tərəfindən də ifa edilib, maddi daşıyıcılara yazılaraq “Youtube” kanalında yerləşdirilib.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, “Kor ərəbin mahnısı” əsəri Fikrət Əmirovun 1963-cü il 12 iyun tarixli ərizəsi əsasında Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində (indiki Əqli Mülkiyyət Agentliyində) qeydiyyata alınıb və müvafiq kataloqa daxil edilib.

Əqli Mülkiyyət Agentliyinin məlumatında vurğulanır ki, qurum Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs nümunələrinin ermənilər tərəfindən zaman-zaman oğurlanması, mənimsənilməsi və erməni nümunələri kimi təqdim olunması hallarına qarşı müvafiq addımlar atır. Həmin əsərlərin Azərbaycan xalqına məxsus olmasını faktlarla sübut edən arayışlar hazırlanaraq kütləvi informasiya vasitələrində yayılır, beynəlxalq tədbirlərdə bu barədə ətraflı məlumatlar verilir və Dünya Əqli Mülkiyyət Təşkilatına məktublar göndərilir.

Fikrət Əmirovun əsəri ilə bağlı hüquq pozuntusunun aradan qaldırılması tələbi ilə Əqli Mülkiyyət Agentliyi tərəfindən V.Hovanissian və E.Gültekinə məktub göndərilib, həmçinin “Youtube”da yerləşdirilmiş “Houcher” adlı musiqi əsərinin kanaldan çıxarılması xahişi ilə həmin kanalın administrasiyasına müraciət hazırlanıb.